
Bakı. Trend:
Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlıq əlaqələrinin
genişlənməsinə verdiyi töhfələr, Şərqlə Qərb arasında körpüyə
çevrilməsi Avropa İttifaqının üzvləri olan Baltikyanı dövlətlər
tərəfindən də böyük maraqla qarşılanır. Aprel ayında Litva
Respublikasının Baş naziri İnqa Ruqinienenin ardınca Latviya
Prezidenti Edqars Rinkeviçsin geniş nümayəndə heyəti ilə
Azərbaycana rəsmi səfərə gəlməsi bu marağın və ölkəmizlə
əməkdaşlığa önəmin təzahürü kimi dəyərləndirilməlidir.
Azərbaycanla Latviya arasındakı münasibətlərin tarixi yeni
deyil. İki respublika arasında sovet dövründə mədəni və iqtisadi
əlaqələr formalaşsa da, münasibətlərin tarixi daha əvvələ gedib
çıxır. Belə ki, hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul
etmişdi. Bakıdakı Latış Cəmiyyəti isə XX əsrin əvvəllərində
fəaliyyətə başlayıb. Tanınmış latış yazıçılar Ernest
Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və
yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar
Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda
yaşayıb yaratmışlar.
Azərbaycan və Latviya dövlət müstəqilliyinə gedən yolda da oxşar
tale yaşayıblar. Azərbaycan və Latviya xalqlarının tarixində bənzər
hadisələr verib. Bu baxımdan iki dövlət arasındakı hazırkı əlaqələr
bənzər talelərə, tarixə söykənən mədəni münasibətlərə və onların
xalqlarının üzləşdiyi müstəqillik sınaqlarına əsaslanır.
Hazırda Azərbaycanla Latviya arasında ali siyasi təmaslar yüksək
səviyyədədir. Bunu iki dövlətin prezidentlərinin qarşılıqlı
səfərləri də təsdiq edir. İndiyə kimi Azərbaycan Prezidenti İlham
Əliyev Latviyada bir dəfə dövlət, iki dəfə rəsmi səfərdə olub.
Latviya prezidentləri isə Azərbaycana beş dəfə rəsmi, bir dəfə
işgüzar səfər ediblər. Əlbəttə ki, ali səviyyəli təmasların bu cür
yüksək dinamikası əlaqələrin inkişafına təsir göstərən başlıca
siyasi amildir. Eyni zamanda, iki dövlət arasındakı münasibətlərin
mükəmməl hüquqi bazası var. Xüsusilə qeyd edilməlidir ki, Prezident
İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı
imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası
arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə
Bəyannamə” əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Başqa cür desək, Latviya Azərbaycanın Avropa İttifaqındakı strateji
tərəfdaşlarından biridir.
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri
ilk növbədə onu təsdiq etdi ki, əlaqələr qarşılıqlı etimada,
anlaşmaya və ehtirama əsaslanır. Prezidentlərin görüşündə
dövlətlərarası əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi.
Aparılan danışıqlar və prezidentlərin səsləndirdiyi fikirlər,
Edqars Rinkeviçsin «Latviya Azərbaycanı strateji tərəfdaş və dost
hesab edir» deməsi siyasi münasibətlərin yüksək səviyyədə olduğunu
bir daha təsdiq etdi.
Prezidentlərin mətbuata bəyanatla çıxışları zamanı toxunulan
məsələlər isə Azərbaycanla Latviya arasında bütün sahələrdə
əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün böyük
imkanların və potensialın olduğunu, hər iki tərəfin münasibətlərin
daha da dərinləşdirilməsinə böyük maraq göstərdiyini nümayiş
etdirdi. Latviya Prezidentinin səfərindən cəmi bir həftə əvvəl,
aprelin 15-də Şuşada keçirilən Azərbaycan-Latviya iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın
9-cu iclasında müzakirə olunan məsələlər də bu marağın
təzahürüdür.
Səfər zamanı Latviya Prezidentini bu ölkənin iş adamlarının
müşayiət etməsi və Bakıda Azərbaycan-Latviya biznes-forumunun
keçirilməsi də hər iki tərəfin iqtisadi münasibətləri
dərinləşdirmək əzmindən xəbər verir. Mətbuata bəyanatla çıxışlarda
dövlət başçıları ticarət dövriyyəsinin artırılması ilə bağlı
fikirlərini bildirdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
biznes-forum ticarət dövriyyəsinin artırılmasında həqiqətən mühüm
mərhələyə çevriləcək:
“Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və
sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki,
hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz
fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə
yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək.
Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür
fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər,
əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin
dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə
çevriləcək”.
Göründüyü kimi, Azərbaycan-Latviya əlaqələri yeni inkişaf
mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin həm mətbuata
bəyanatla çıxışında, həm də biznes-forumdakı nitqində qeyd etdiyi
məsələlər və ümumilikdə Latviya Prezidentinin səfəri
iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcək. Səfər zamanı
qəbul olunan “Azərbaycan Respublikası Prezidentinin və Latviya
Respublikası Prezidentinin Birgə Bəyanatı” əlaqələrin inkişafına
dair hər iki tərəfin yüksək siyasi iradəsindən xəbər verir. Eyni
zamanda, Daxili İşlər, Kənd Təsərrüfatı, Xarici İşlər nazirlikləri
arasında və digər sahələrdə imzalanan sənədlər əməkdaşlığın hüquqi
bazasını gücləndirir.
Bu cür ali səviyyəli səfərlər həm də Azərbaycanın regionda
yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından əhəmiyyətə malikdir. Bu baxımdan Latviya Prezidenti ilə
görüşdə dövlətimizin başçısının diqqətə çatdırdığı mühüm
məsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı sülh prosesi
ilə bağlı oldu. Edqars Rinkeviçsin Latviyanın Azərbaycanın bu
məsələdəki mövqeyini dəstəklədiyini bəyan etməsi isə bir daha
göstərdi ki, ölkəmizin yaratdığı reallıqlar Avropa İttifaqı
regionunda yaxından dəstəklənir. Latviyanın Azərbaycanın regional
sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanın
regionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş
etdirir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin biznes-forumda
toxunduğu məsələlər Azərbaycanın iqtisadi uğurlarının, regional və
qlobal əməkdaşlığa verdiyi töhfələrin təqdimatı idi. Dövlət başçısı
İlham Əliyevin səsləndirdiyi rəqəmlər – Azərbaycanda ÜDM-də
qeyri-neft sənayesinin payının 70 faizi keçməsi, xarici borcumuzun
ÜDM-in 6,1 faizinə bərabər olması, valyuta və qızıl ehtiyatlarımız
xarici borcumuzu 18 dəfədən çox üstələməsi, son 20 ildə
iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiyanın
qoyulması, 10-u Avropa İttifaqının üzvü olmaqla, 16 ölkənin
Azərbaycandan təbii qaz alması respublikamızın mühüm iqtisadi
uğurlarıdır. Eyni zamanda, Azərbaycan Şərq və Qərb arasında
bağlantının əsas ünvanıdır. Bütün bunları Latviya rəsmiləri də
görür və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm
verirlər.
Eyni zamanda, Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər
Azərbaycanın inkişafına kölgə salmağa çalışan, respublikamızın
uğurlarını görməzdən gələn dairələrə verilən ən gözəl cavabdır.
Məlum olduğu kimi, özlərini müxalifətçi kimi təqdim edən, lakin
sivil müxalifətçilik təfəkküründən tamamilə uzaq olaraq dövlətimizə
və xalqımıza qarşı çıxan antimilli ünsürlərin sosial şəbəkələr
vasitəsilə həyata keçirdikləri riyakar fəaliyyətin əsas
istiqamətlərindən biri Azərbaycan iqtisadiyyatının uğurlarına kölgə
salmaqdır. Xaricdə, o cümlədən, Avropa İttifaqı dövlətlərində
mənzillənən bu qaragüruh qruplaşmanı təmsil edənlərin məkrli
niyyətlərindən biri cəfəng və reallıqdan uzaq olan iqtisadi
arqumentlər irəli sürməklə Azərbaycanın beynəlxalq imicini
zədələməkdir. Lakin Azərbaycan dövləti öz uğurları ilə onların
bütün riyakar planlarını alt-üst edir. O cümlədən, Latviya
Prezidentinin, daha əvvəl Litva Baş nazirinin Azərbaycana
səfərləri, bir neçə gün əvvəl isə Avropa İttifaqının Xarici siyasət
və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın
Azərbaycanla Avropa İttifaqı arasında energetika və ticarət
sahəsində əlaqələrin gücləndirilməsinin prioritet məsələ olmasını
bəyan etməsi ölkəmizlə əməkdaşlığa verilən dəyərin göstəricisi
olmaqla yanaşı, antimilli dairələrə ən layiqli cavablardır.
Bütövlükdə, Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri
göstərir ki, Azərbaycan-Latviya münasibətlərinin inkişaf dinamikası
yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq telləri daim
genişlənir. Bu səfərin əsas həqiqətlərindən biri də odur ki,
Azərbaycan Avropa İttifaqı üzvləri tərəfindən etibarlı tərəfdaş
kimi qəbul edilir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

