
Bakı. Trend:
Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində Yelo Bank-ın da
adının yer almasına aydınlıq gətirmək istəyirik.
Yelo Bank fəaliyyətini hər zaman həm beynəlxalq, həm də
Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə
qurur. Bank bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı
və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq
standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam
edir.
Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən
istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə
çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə
dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata
keçirmir.
100% yerli kapitala malik Azərbaycan bankı olaraq,
fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta
sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik
həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir.
Hal-hazırda Yelo Bank-ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir.
İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm
kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb.
Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıq
əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə
11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri
üstələyir.
Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam
edir.
Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi
məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi
işlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda
aradan qaldırılacaq.

