
Bakı. Trend:
Aprelin 24-də Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyə
institutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyası
keçirilib.
Trend xəbər
verir ki, bu təşəbbüs Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası
(ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan
Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı
İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası
(AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış
“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü
münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma
Memorandumu” çərçivəsində reallaşdırılır.
Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il
ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın
əkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfə
verməkdir.
Artıq dördüncü ildir ki, uğurla davam edən aksiyada ekologiya və
təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bankın
sədr müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev,
AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçı
direktoru Azər Əkbərov, habelə digər assosiasiyaların rəhbər
şəxsləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak
edib.
Ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin
genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad
qəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun 37 500
ədəd müxtəlif növ ağacın əkilməsi və müasir suvarma
infrastrukturunun qurulması planlaşdırılıb. Aksiya çərçivəsində
iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və
zeytun ağacı əkilmişdir. Bu tədbir maliyyə sektorunun və ABA-nın
ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş
etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti
təzahürüdür.

