
Bakı.Trend:
Küveytin şimalında, İraqla sərhəddə yerləşən sərhəd postları
dron hücumuna məruz qalıb.
Trend xəbər verir
ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin “X” səhifəsində məlumat
paylaşılıb.
Məlumata görə, hücum 2 dron ilə həyata keçirilib.
“Səhər saatlarında Küveytin şimal quru sərhədində yerləşən iki
sərhəd postu partlayıcı maddə ilə yüklənmiş, fiber-optik kabellərlə
idarə olunan iki pilotsuz aparat vasitəsilə həyata keçirilmiş
cinayət xarakterli hücumun hədəfinə çevrilib. Bu aparatların İraq
Respublikası istiqamətindən gəlib, hücum nəticəsində maddi ziyan
dəysə də, insan tələfatı qeydə alınmayıb”, – deyə hərbi qurumun “X”
platformasında yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

