
Bakı.Trend:
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 25
aprel – Sahibkarlar Günü münasibətilə yerli sahibkarlar və iş
adamları ilə görüş keçirilib.
Görüşdən əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri
Məhəmməd Balaqadaşov və yerli sahibkarlar Xaçmaz şəhərinin
mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül
dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad
ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 25 aprel –
Sahibkarlar Günü münasibətilə iş adamlarını təbrik edərək, onlara
fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli iqtisadi
islahatlar ölkənin dayanıqlı iqtisadi artımını təmin edir,
qeyri-neft sektorunun dinamik inkişafını sürətləndirir, investisiya
mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Xaçmaz rayonunda da
yerli istehsalın təşviqi, innovasiyaların dəstəklənməsi və
dayanıqlı iqtisadi artımın təmin edilməsi istiqamətində kompleks
tədbirlər uğurla icra olunur. Rayonda intensiv meyvə bağlarının
sahəsi ilbəil genişləndirilir, yeni emal və istehsal müəssisələri
yaradılır.
Digər çıxış edənlər də dövlətin sahibkarlara yaratdığı imkanları
yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.
Tədbir çərçivəsində rayonun iqtisadi dinamikasına xüsusi töhfə
verən, sosial məsuliyyət nümayiş etdirən və innovativ layihələr
həyata keçirən qabaqcıl sahibkarlar Fəxri fərmanla təltif
ediliblər.

