Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirə keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Milli QHT Forumunun “Çernobıl Əlilləri İttifaqı”
İctimai Birliyi ilə birgə Çernobıl faciəsinin 40-cı ildönümünə həsr
olunmuş ictimai müzakirə təşkil edilib.

Trend xəbər
verir ki, tədbirdə Çernobıl qəzasının nəticələrinin ləğvində
iştirak etmiş şəxslər və onların ailə üzvləri, vətəndaş cəmiyyəti
nümayəndələri iştirak edib.

Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli Çernobıl
faciəsinin bəşəriyyət üçün ağır nəticələrindən bəhs edib,
Azərbaycan vətəndaşlarının bu fəlakətin nəticələrinin aradan
qaldırılmasında göstərdiyi fədakarlığı xüsusi vurğulayıb.




“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən
Həsənov qeyd edib ki, 1986-cı ildə baş vermiş qəza minlərlə insanın
həyatına ciddi təsir göstərib, Azərbaycandan 8500 nəfər qəzanın
nəticələrinin ləğvinə cəlb olunub, onların bir çoxunun sağlamlığına
ciddi ziyan dəyib. M.Həsənov Çernobıl əlillərinin sosial müdafiəsi
istiqamətində görülən işlərə toxunub, bu məsələlərin həll
olunmasında Ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və
qayğını xüsusi qeyd edib. Bildirib ki, ilk dəfə Naxçıvan MR-da
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Çernobıl qəzasında
sağlamlığına ziyan dəymiş şəxslərin əlilliyinin ömürlük təyin
edilməsi barədə qərar qəbul edilib. Daha sonra Ümummilli liderin
hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə qəbul edilən
qanunlar bu sahədə mühüm rol oynayıb, Çernobıl qəzasında
sağlamlığına ziyan dəymiş şəxslərin sosial hüquqları tanınıb.
Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı
nəticəsində artıq Çernobıl əlilləri də dövlət tərəfindən
mənzillərlə təmin edilir, onlar Prezident təqaüdü və pensiya
alırlar.

Azərbaycan Milli QHT Forumunun İH üzvü Zaur İbrahimlinin
moderatorluğu ilə müzakirələrdə gənc nəslin Çernobıl qəzası və
qəzanın ləğvində iştirak etmiş şəxslərin qəhrəmanlığı, bununla
əlaqədar azərbaycanlıların bəşəri təhlükənin aradan qaldırılmasında
rolu haqqına maarifləndirilməsi, hazırda daha çox aktuallasan nüvə
qəzaları təhdidlərinə qarşı ictimai təşəbbüslər, sosial müdafiə
məsələləri müzakirə edilib.

Daha sonra “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri
Mirhəsən Həsənova Çernobıl faciəsi qurbanlarının xatirəsinin
yaşadılması və bu qəza nəticəsində əlil qalan şəxslərin
hüquqlarının qorunması üçün gördüyü işlərə, bu istiqamətdə
uzunmüddətli ictimai fəaliyyəti və cəmiyyətin maarifləndirilməsinə
verdiyi töhfələrə görə təşəkkürnamə ilə təltif olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir