
Bakı. Trend:
İran ərazisində 55 gündən çoxdur ki, internetə çıxış yoxdur.
Trend xəbər verir
ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti
məlumat yayıb.
“İranda internetin kəsilməsi artıq ardıcıl 56-cı gündür davam
edir, beynəlxalq əlaqə isə 1 320 saatdan artıqdır ki,
dayandırılıb”, – deyə xidmətin “X” platformasında qeyd olunub.
Məlumata görə, bu bloklama dünya üzrə müşahidələr tarixində
bütöv bir ölkə miqyasında qeydə alınan ən uzun internet
məhdudiyyəti olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı
tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

