“PAŞA Sığorta” mənfəətliliyini qoruyur

Baş səhifə

Bakı. Trend:

2025-ci ili 39 milyon manatdan çox xalis mənfəətlə başa vurmuş
“PAŞA Sığorta” bu tendensiyanı 2026-cı ildə də davam etdirir.

Şirkət bu ilin I rübündə 8,5 milyon manat xalis mənfəət əldə
edib.

Yanvar-mart aylarında “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eyni
dövrü ilə müqayisədə 14% çox – 88,6 milyon manat təşkil edib. O
cümlədən, şirkətin təkcə əsas əməliyyat gəlirləri 1 il əvvələ
nisbətən 6,7% çox – 122,8 milyon manat olub ki, bu da xalis sığorta
ehtiyatlarının dəyişməsindən yaranan zərəri 3 qat kompensasiya
etməyə imkan verib. Hesabat dövründə sığortaçının investisiya
gəlirləri 25,1% artaraq 5,2 milyon manata, digər gəlirləri isə
48,3% artaraq 0,8 milyon manata çatıb.

Şirkətdə müştəriyönümlülük güclənməkdədir

“PAŞA Sığorta” 3 ay ərzində 122,3 milyon manat sığorta haqqı
toplayıb, 34,4 milyon manat sığorta ödənişi edib. Bunlar, illik
müqayisədə müvafiq olaraq 6,5% və 24,1% çoxdur. Göründüyü kimi,
şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini
təxminən 4 dəfə üstələyib, bu isə onun fəaliyyətində
müştəriyönümlülüyün güclənməsindən xəbər verir.

“PAŞA Sığorta”nın rüblük yığımlarının 48,6%-i və yaxud 59,4
milyon manatı tibbi sığortanın hesabına formalaşıb. Şirkət hazırda
könüllü tibbi sığorta bazarının təxminə 2/3-nə nəzarət edir. Bu da
təbiidir. Çünki, əksər dövlət və özəl qurumlar əməkdaşlarının
könüllü tibbi sığortalanmasını məhz “PAŞA Sığorta”ya etibar
edir.

Bununla yanaşı, şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortasında, eləcə də əmlakın yanğından və
digər risklərdən sığortasında böyük pay sahibidir. Yanvar-mart
aylarında bu sığorta növləri üzrə yığımlar müvafiq olaraq 21,8
milyon manat və 15 milyon manat təşkil edib.




İnvestisiya portfelinin dəyəri 250 milyon manatı
keçib

Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 9%-ə yaxın
artım nümayiş etdirərək bu il aprelin 1-nə 250,65 milyon manat
təşkil edib. Portfelin təxminən yarısı və yaxud 123,5 milyon manatı
depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi
vəsaitlərin məbləği 2,8 dəfə artıb. Depozitlərin rüblük gəlirliliyi
isə 3,2 dəfə artımla 2,9 milyon manata yüksəlib. Hesabat tarixinə
sığortaçı həmçinin 102,4 milyon manat dəyərində istiqrazlara,
cümlədən 98,1 milyon manatlıq dövlət və 4,3 milyon manatlıq
qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər
investisiyalarının dəyəri isə 24,8 milyon manat təşkil edib.

Aktivləri yarım milyard manata çatıb

2026-cı il martın sonuna “PAŞA Sığorta” 497,1 milyon manatlıq
aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 27,6% çoxdur. O
cümlədən, şirkət aktivlər üzrə 119,4 milyon manat sığorta
ehtiyatlarına malikdir ki, bu da 2025-ci il martın sonu ilə
müqayisədə 2,9 dəfə artım deməkdir.

Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38,9% artımla bu
il aprelin 1-nə 393,4 milyon manata yüksəlib. Şirkətin öhdəliklər
üzrə sığorta ehtiyatları isə illik müqayisədə 46,55% çox – 343,8
milyon manat olub.

Sığortaçının balans kapitalı 103,7 milyon manat, o cümlədən
nizamnamə kapitalı 50 milyon manat təşkil edib. Halbuki, Azərbaycan
Mərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunan
kapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞA
Sığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri
qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin
olmamasından xəbər verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir