
Bakı. Trend:
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə
müsabiqəyə qeydiyyatda yenilik edilib.
XİN-dən Trend-ə verilən məlumata görə, iştirak üçün
müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
Bildirilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı,
ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri,
həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali
təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə
iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla
əlaqədar, Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat
sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.
Vurğulanıb ki, bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər
mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik
nəzərdə tutulmur. Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən
asılı olaraq yekunda uğur qazanan namizədin işə qəbul olması üçün
müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali
təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.
Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet
portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak
etmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur.
Qeyd edilib ki, müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cı
il saat 18:00-dək davam edəcək.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla bu keçiddə tanış
olmaq mümkündür:
https://exidmet.dim.gov.az/elimt/xintest/elan

