
Bakı. Trend:
Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya
müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım verilməsi haqqında” Sərəncamı ilə İkinci Dünya
müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin
müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım
ödəniləcək.
Trend Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki,
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud
döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və
donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi
birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı
ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi
iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım
veriləcək.
Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı
gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi
iştirakçılarıdır.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3
milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının
və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

