
Bakı.Trend:
Bişkek şəhərində “Qırğızıstan – regional qovşaq: qitələri
birləşdirərək” adlı Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə
ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid
Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.
Bildirilib ki, forum çərçivəsində Türk Dövlətləri Təşkilatı
(TDT) nəqliyyat nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə
beynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər,
alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin Orta
Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Orta
Dəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyat
əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı,
dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması
məqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərin
uyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradan
qaldırılmasının vacibliyi vurğulanıb.
Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat və
infrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüş
keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

