Azərbaycanın enerji sektorundakı əsas hadisələrin həftəlik icmalı

Baş səhifə

Bakı. Trend:

Trend
Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın enerji sektorunda bu
həftə baş vermiş əsas hadisələrin icmalını təqdim edir.

Neft sektoru

Bu həftə Azərbaycandan Ermənistana dizel yanacağının partiyası
göndərilib. 16 vaqondan ibarət və 974 ton dizel yanacağı daşıyan
yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri
stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yola
salınıb.

21 aprel tarixində SOCAR Aralıq dənizi şelfində seysmik
tədqiqatlara başlayacağı tarixi açıqlayıb.

SOCAR, bp və “NewMed Energy” şirkətlərinin daxil olduğu
konsorsiumun 2026-cı ilin sentyabr ayında İsrailin Aralıq dənizi
şelfində yerləşən 1-ci zonada 3D seysmik tədqiqatlara başlayacağı
gözlənilir.

“SOCAR Petroleum” Xəzər dənizində “gəmidən gəmiyə” üsulu ilə
yanacaq təchizatı əməliyyatlarına start verildiyini elan edib.
Bildirilib ki, bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla
yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı
sahəsində mövqeyini daha da gücləndirir. “Gəmidən gəmiyə”
(ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı
beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb.

23 aprel tarixində Bakıda II Xəzər və Mərkəzi Asiya
regionlarında neft ticarəti və logistika üzrə forum işə başlayıb.
Forumun gündəliyi nəqliyyat və infrastruktur, maliyyə aspektləri və
sövdələşmələr, eləcə də dəyişən qlobal mühit şəraitində ticarət
strategiyaları daxil olmaqla əsas istiqamətləri əhatə edib.

Forum regional neft ticarəti və logistika sahəsində peşəkar
dialoqun inkişafına, təcrübə mübadiləsinə və işgüzar təmasların
qurulmasına yönəlib.

Bu həftə “Azeri Light CIF”, “Urals”, “Dated Brent” və “Azeri
Light FOB Ceyhan” markalı neftin orta qiymətləri azalıb.

Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə
müqayisədə 3,39 ABŞ dolları və ya 2,9 faiz azalaraq 112,1 ABŞ
dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal
qiyməti bir barel üçün 113,97 ABŞ dolları, minimal qiyməti isə
110,51 ABŞ dolları olub.




Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light”
markalı neftin orta qiyməti bir barel üçün 109,01 ABŞ dolları
təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,42 ABŞ
dolları və ya 2,2 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət
110,78 ABŞ dolları, ən aşağı qiymət isə 107,39 ABŞ dolları
olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə
0,19 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 84,50 ABŞ
dollarına düşüb. Həftə ərzində maksimal qiymət 87,81 ABŞ dolları,
minimal qiymət isə 79,73 ABŞ dolları təşkil edib.

“Dated Brent” markalı neftin orta qiyməti 109,69 ABŞ dolları
olub ki, bu da ötən həftə ilə müqayisədə 8,22 ABŞ dolları və ya 7
faiz aşağıdır. Həftə ərzində bir barel üzrə ən yüksək qiymət 112,31
ABŞ dolları, minimal qiymət isə 105,96 ABŞ dolları olub.

Qaz sektoru

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, “Dərinsulu
Günəşli” platformasının istismara verildiyi dövrdən bu günədək 91,5
milyon ton neft və 19,6 milyard kubmetr qaz hasil olunub.

Bundan əlavə, bu həftə Serbiyanın Mədən sənayesi və energetika
naziri Dubravka Djedoviç Handanoviç bildirib ki, Serbiya
Azərbaycanla illik 0,9 milyard kubmetrə qədər qazın çevik tədarükü
imkanını müzakirə edir və 2030-cu ildə Niş şəhərində qaz elektrik
stansiyasının tikintisi başa çatdıqdan sonra bu həcmin illik 1,4
milyard kubmetrə qədər artırılması perspektivi mövcuddur.

Yaşıl iqtisadiyyat

20 aprel tarixində Azərbaycanın Energetika Nazirliyi ölkədə
elektrik enerjisinin gündəlik istehsalında bərpa olunan enerji
mənbələrinin payını açıqlayıb. Belə ki, bu göstərici 34,1 faizə
çatıb.

Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, “SOCAR
Green”, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM bildiriblər ki,
Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin
quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk
günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə
tikinti işləri plana uyğun irəliləməkdə davam edir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə
məsələləri üzrə vitse-prezidenti Nadir İmanov bildirib ki, bu
layihənin həyata keçirilməsində mühüm mərhələdir. Onun sözlərinə
görə, tərəfdaşlarla birlikdə əsas diqqət layihənin təhlükəsiz və
səmərəli şəkildə həyata keçirilməsinə yönəldilməklə tikinti işləri
əminliklə irəli aparılır. İmanov bu mühüm layihənin bərpa olunan
elektrik enerjisinin istehsalı sahəsini və şirkətin regiondakı
layihələrinin karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın
enerji keçidi səylərinə töhfə verəcəyinə inandığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir