Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (II
hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt
(II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy,
Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad
(II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı,
Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II
hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx,
Suqovuşan kənd orta məktəbləri) və Laçında (Şəhər 2 nömrəli tam
orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə
xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində
yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan
ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən Trend
bildirilib ki, bugünkü imtahanda 55 min 282 şagirdin iştirakı
nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral
iflic, eşitmə əngəlli və digər) 79 şagird də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb,
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən
əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin
edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması
və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq
imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi
təlim keçirilib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi
başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər
rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar,
konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş
qurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:




– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan
binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış
rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir