
Bakı. Trend:
Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və
dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və
Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar
Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə,
Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları
Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika
mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirib.
“Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq
proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu
mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26
aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi
rəmzi məna daşıyır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

