
Bakı. Trend:
Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna münasibətləri bütün
tarixi dövrlərdə yüksək səviyyədə olub. İki dövlətin xalqları
arasında daim dostluq münasibətləri hökm sürüb. Müstəqillik
dövründə isə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan əlaqələr
yüksələn xətlə inkişaf edib. Ukrayna Prezidenti Volodimir
Zelenskinin aprelin 25-də Azərbaycana etdiyi işgüzar səfər də ilk
növbədə Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf dinamikasından
xəbər verdi.
Hələ sovet hakimiyyəti illərində Azərbaycanla Ukrayna arasında
möhkəm iqtisadi və mədəni əlaqələr mövcud olub. Müstəqillik
illərində diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, sıx
ikitərəfli siyasi və iqtisadi münasibətlər Ulu Öndər Heydər
Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etməsindən sonra
yaranmağa başlayıb. 1995-ci ildən başlayaraq hər iki dövlətin
Prezidentləri qarşılıqlı olaraq dəfələrlə rəsmi və işgüzar səfərlər
ediblər. Bu səfərlərin hər biri əlaqələrin inkişafına impuls verib,
münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib, yeni
əməkdaşlıq istiqamətlərinin əsasını qoyub.
Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin
25-də respublikamıza səfəri iki dövlət arasındakı müntəzəm ali
siyasi təmasların davamıdır. Azərbaycan və Ukrayna Prezidentlərinin
Qəbələdə keçirdikləri görüş onların son 4 ildə sayca 7-ci görüşü
oldu. Bu, iki dövlət arasındakı ali siyasi təmasların davamlı
xarakter daşıdığını nümayiş etdirməklə yanaşı, əlaqələrin bütün
sahələrdə inkişafına təkan verən başlıca faktordur. Prezident İlham
Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, bu təmaslar
Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırıb.
Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşü zamanı
əvvəlki görüşlər məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin
ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin
müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi.
Dövlət başçılarının siyasi təmasları ilə yanaşı, iki ölkənin
münasibətlərinin inkişafına mühüm təsir edən amillərdən biri də
strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasıdır. Mətbuata
bəyanatla çıxışında Prezident İlham Əliyev bunların çox güclü
siyasi sənədlər olduğunu bildirdi:
“Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə
Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd
imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə
ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi,
sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır.
Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı
olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və
dəstəkləyəcəkdir”.
Prezidentlərin Qəbələ görüşündə Azərbaycanla Ukrayna arasında
əlaqələrin bir çox istiqamətdə, o cümlədən enerji sahəsində
genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd
təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. O
cümlədən, Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında
əlaqələrin inkişaf perspektivləri ilə bağlı mühüm fikirlər
səsləndirildi. Məsələn, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
iki dövlət arasında hərbi-texniki əməkdaşlıqla bağlı çox böyük
perspektivlər mövcuddur. Hazırda həm Azərbaycanda, həm də Ukraynada
hərbi sənaye kompleksi sürətlə inkişaf edir və bu sahədə birgə
əməkdaşlığın həyata keçirilməsi hər iki dövlətə böyük ölçüdə fayda
gətirəcək.
Ümimiyyətlə isə bu gün iki ölkə arasında ticarət dövriyyəsinin
500 milyon ABŞ dollarını keçməsi əməkdaşlığın ardıcıl və davamlı
inkişafından xəbər verir. Qarşıdakı illərdə isə ticarət
dövriyyəsinin daha da böyüməsi gözlənilir. Çünki həm Azərbaycanın,
həm də Ukraynanın bununla bağlı potensialı yüksəkdir.
Azərbaycanla Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal
siyasi dialoq ikitərəfli əməkdaşlığın inkişafına təkan verir və
münasibətlərin məzmunca zənginləşməsinə zəmin yaradır. Ali siyasi
təmaslarla yanaşı, iki dövlətin müvafiq qurumları arasında da
qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə
bağlı müzakirələr müntəzəmdir. Bunu ötən il Bakıda Azərbaycan və
Ukrayna Xarici İşlər nazirliklərinin məsləhətləşmələrinin, habelə,
Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi də təsdiq edir.
Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu tədbirləri
xüsusi qeyd edərək, onların növbəti dövrdə Ukraynada keçirilməsi
haqqında fikir mübadiləsinin aparıldığını dedi.
Çoxtərəfli qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq hazırda
Azərbaycan və Ukrayna tərəfdaş dövlətlərdir. Münasibətlər isə
yalnız ikitərəfli deyil, çoxtərəfli formatlarda, o cümlədən
beynəlxalq platformalar çərçivəsində uğurla inkişaf edir. Ukrayna
Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri isə həm bu
münasibətlərin inkişafına, həm də dostluq əlaqələrinin
möhkəmlənməsinə mühüm töhfədir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

