
Bakı. Trend:
ABŞ, İsrail və İran arasında müharibə dövründə qəbul imkanlarını
artırdığına görə Azərbaycanın əməkdaşlığı alqışalayiqdir.
Trend-in
məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin
müavini və Gömrük Administrasiyasının baş direktoru Forud Əsgəri
Biləsuvar sərhəd gömrüyü ilə yaxından tanış olduqdan sonra
açıqlamasında deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında sərhəd
əməkdaşlığı uyğun səviyyədədir. Müharibə dövründə sərhəd-keçid
məntəqələrində heç bir problem qeydə alınmayıb. Üstəlik qonşu
ölkələr çox yaxşı əməkdaşlıq ediblər.
Əsgəri bildirib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ixrac,
idxal və tranzit keçidlərinin artırılması planlaşdırılır. Belə ki,
Orta Asiya ölkələrinə yaxınlığına görə, bu sərhəd-gömrük
məntəqəsinin Baş İdarəyə çevrilməsi qərara alınıb və onun büdcəsi
təmin olunacaq.
“Biləsuvar sərhəd-keçid məntəqəsinə lazımi səlahiyyətlər verilib
ki, məhsulların buraxılmasının sadələşdirilməsi və iş adamlarının
razılığını qazanmaq üçün lazımi addımlar ata bilsin. Bu addımların
Ərdəbil-Biləsuvar Azad Ticarət Zonasının ölkənin daha aktiv azad
ticarət zonalarından birinə çevrilməsinə səbəb olacağı gözlənilir.
İran bu gömrük məntəqəsinin ölkənin istehsal sahəsində xammalın
təmin olunması və hətta zəruri məhsulların idxalında aktiv
olacağına ümid edir”, -deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib.

