
Bakı.Trend:
Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına
may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə
alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 aprel tarixindən
Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500
kbm, 17 aprel tarixindən isə 700 kbm suyun buraxılması qərara
alınıb.
Bu barədə Trend-ə Azərbaycan Su Ehtiyatları Agentliyindən
(ADSEA) məlumat verilib.
Bildirilib ki, eyni vaxtda Kür çayına sağ və sol qollarından
qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və
Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artıb,
həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos
stansiyalarının işlədilməsinə ehtiyac olmamış və nəticədə bir sıra
rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları
baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin
həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə
alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların
vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar
idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional
Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin
mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların
qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata
keçirilib.
“Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və
bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı
ilə yaradılan Komissiyanın 23 aprel 2026-cı il tarixində
keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə
alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət
olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı
axınına suyun buraxılması qərara alınıb.
24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricən
enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm
arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə
suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma
təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz
əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik
avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su
tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat
fəaliyyətini davam etdirir. Əhali tərəfindən ölkə rəhbərliyinə,
eləcə də yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılmasında
göstərilən köməkliyə və operativliyə görə aidiyyəti qurumlara
minnətdarlıq bildirilir”,- qurumdan bildirilib.

