
Bakı. Trend:
Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə həm
siyasi, həm də iqtisadi və humanitar müstəvilərdə nəzərəçarpacaq
dərəcədə dərinləşib. Bu münasibətlər yalnız rəsmi bəyanatlar və
imzalanmış sənədlərlə məhdudlaşmır, həm də real əməkdaşlıq
layihələri, qarşılıqlı dəstək və ortaq maraqlar üzərində qurulan
davamlı tərəfdaşlıq modelini əks etdirir. Ukrayna Prezidenti
Volodimir Zelenskinin Azərbaycana son işgüzar səfəri bu baxımdan
xüsusi əhəmiyyət kəsb edir və iki ölkə arasında əlaqələrin yeni
mərhələyə keçdiyini nümayiş etdirir.
Bu barədə Trend-ə politoloq Azər Qarayev.
“Qəbələdə keçirilən görüşlər və aparılan müzakirələr göstərdi
ki, Bakı və Kiyev arasında dialoq artıq epizodik xarakter daşımır,
sistemli və məqsədyönlü şəkildə inkişaf edir. Azərbaycan Prezidenti
İlham Əliyevin də vurğuladığı kimi, son dörd il ərzində
prezidentlər səviyyəsində yeddi görüşün baş tutması münasibətlərin
dinamikliyindən xəbər verir. Bu görüşlər yalnız protokol xarakteri
daşımır, konkret nəticələrə yönəlmiş müzakirələr və qərarlarla
müşayiət olunur.
Siyasi münasibətlərin möhkəm təməli hələ əvvəlki illərdə
imzalanmış strateji tərəfdaşlıq sənədlərinə dayanır. Bu sənədlər
çərçivəsində tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü
və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyiblər. Bu
prinsipial mövqe xüsusilə müasir beynəlxalq münasibətlər sistemində
böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözləri ilə
desək, “Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda
qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü
dəstəkləyir və dəstəkləyəcəkdir”. Bu yanaşma tərəflərin yalnız
ikitərəfli deyil, qlobal səviyyədə də ortaq mövqedən çıxış etdiyini
göstərir”, – o bildirib.
Onun sözlərinə görə, energetika sahəsi Azərbaycan-Ukrayna
əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır.
“Azərbaycanın enerji resursları və Ukraynanın tranzit imkanları
bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər
açır. Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada uzun illərdir
fəaliyyəti bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Eyni
zamanda, yeni investisiya layihələri və birgə təşəbbüslər müzakirə
olunur ki, bu da tərəflərin enerji təhlükəsizliyi sahəsində daha
sıx əməkdaşlıq etmək niyyətini göstərir.
İqtisadi əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Ticarət
dövriyyəsinin artması, kənd təsərrüfatı, sənaye və investisiya
sahələrində əməkdaşlığın genişlənməsi bu münasibətlərin çoxşaxəli
xarakter aldığını sübut edir. Hazırda iki ölkə arasında ticarət
dövriyyəsinin yarım milyard dolları ötüb keçməsi mühüm
göstəricidir, lakin tərəflər bu rəqəmin daha da artırılması üçün
böyük potensialın mövcud olduğunu qeyd edirlər. Bu baxımdan
Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi rol oynayır və
gələcəkdə daha intensiv əməkdaşlıq üçün platforma rolunu
oynayacaq.
Son illərdə diqqət çəkən mühüm istiqamətlərdən biri də
hərbi-texniki əməkdaşlıqdır. Həm Azərbaycan, həm də Ukrayna müdafiə
sənayesində ciddi inkişaf yolu keçib və bu sahədə təcrübə
mübadiləsi üçün geniş imkanlar mövcuddur. Prezident Zelenski də bu
istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki,
Ukrayna müharibə şəraitində əldə etdiyi təcrübəni bölüşməyə
hazırdır və birgə istehsal layihələri perspektivli görünür. Bu
əməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsi deyil, həm
də texnoloji inkişaf baxımından mühüm əhəmiyyət daşıyır”, –
politoloq bildirib.
A.Qarayev qeyd edib ki, humanitar sahə isə Azərbaycan-Ukrayna
münasibətlərinin ən həssas və eyni zamanda ən təsirli
istiqamətlərindən biridir.
“Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardım,
xüsusilə müharibədən zərər çəkmiş uşaqlara yönəlik dəstək yüksək
qiymətləndirilir. Ukrayna Prezidenti bu yardımlara görə
minnətdarlığını ifadə edərək bildirib ki, “beş yüzdən artıq
ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə
minnətdarıq”. Bu cür təşəbbüslər iki xalq arasında humanitar
bağların möhkəmlənməsinə xidmət edir və münasibətləri yalnız
dövlətlərarası deyil, həm də xalqlar səviyyəsində
yaxınlaşdırır.
Eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq da
diqqətəlayiqdir. Ukraynanın ali təhsil müəssisələri uzun illərdir
azərbaycanlı tələbələr üçün cəlbedici məkan olaraq qalır. Bu isə
gələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verən mühüm amildir. Gənclər arasında qurulan bu körpülər
uzunmüddətli perspektivdə strateji tərəfdaşlığın sosial bazasını
formalaşdırır”, – o bildirib.
Politoloq vurğulayıb ki, mövcud geosiyasi reallıqlar fonunda
Azərbaycan və Ukrayna arasında əməkdaşlıq həm də daha geniş
regional və qlobal kontekstdə əhəmiyyət qazanır. Enerji
təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi kimi
məsələlərdə iki ölkənin əməkdaşlığı yalnız öz milli maraqları ilə
məhdudlaşmır, həm də daha geniş region üçün sabitlik və inkişaf
amilinə çevrilir.
“Nəticə etibarilə, Azərbaycan-Ukrayna münasibətləri bu gün
çoxşaxəli və dinamik inkişaf edən tərəfdaşlıq modelidir. Siyasi
dialoq, iqtisadi əməkdaşlıq, enerji layihələri, humanitar
təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət bu
münasibətləri möhkəm təməl üzərində qurur. Prezidentlər
səviyyəsində davamlı təmaslar və qarşılıqlı dəstək isə bu
tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminlik yaradır.
Zelenskinin Azərbaycana səfəri də məhz bu inkişafın növbəti
mərhələsini simvolizə edərək, iki ölkə arasında dostluq və
əməkdaşlığın daha da dərinləşəcəyinə işarə edir”, – A.Qarayev əlavə
edib.

