
Bakı. Trend:
Yunanıstanda 89-yaşlı təqaüdçü ölkənin Vahid Sosial Sığorta
Fondunda (EFKA) və Afina Apelyasiya məhkəməsində odlu silahla beş
nəfəri yaralayıb.
Trend xəbər verir
ki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb.
Məlumata görə, kişi əvvəlcə Afinanın Petralona rayonunda
yerləşən EFKA binasına daxil olub. Şahidlərin bildirdiyinə görə, o,
dördüncü mərtəbəyə qalxaraq, tavana atəş açıb, daha sonra isə
əməkdaşlardan birini ayağından yaralayıb. Zərərçəkən yerli
xəstəxanaya çatdırılıb, onun xəsarəti həyati təhlükə yaratmır.
Bundan sonra həmin şəxs Afina Apellyasiya Məhkəməsinin binasında
görünüb, burada da dördüncü mərtəbəyə qalxaraq məhkəmənin katibləri
olan dörd qadına atəş açıb. Mövcud məlumata əsasən, onlar yüngül
xəsarətlər alıblar. Cinayətkar ov tüfəngini hadisə yerində qoyaraq
yenidən qaçıb. Onun bu hərəkətlərinin motivləri hələlik məlum
deyil.
Telekanalın məlumatına görə, söhbət əvvəllər psixiatriya
klinikasında müalicə almış 89 yaşlı bələdiyyə işçisindən gedir.
Polis cinayətkarın axtarışı üçün genişmiqyaslı əməliyyata
başlayıb.

