Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 28-də Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının “Rəqabətli,
Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) və
“Yaşana bilən Bakı” layihələri üzrə identifikasiya missiyaları ilə
görüşüb.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı Dünya Bankının Azərbaycanın kənd təsərrüfatı və
ərzaq sektorunun inkişafına göstərdiyi dəstək, CRAIS layihəsinin
hazırlanması və icrası, eləcə də “Yaşana bilən Bakı” layihəsi üzrə
növbəti mərhələlərə hazırlıq məsələləri müzakirə olunub.

Himalay Məmişov Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli
əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə
verdiyini qeyd edərək, kənd təsərrüfatı və suvarma
infrastrukturunun modernləşdirilməsi, eləcə də şəhərsalma sahəsində
görülən işlər barədə fikirlərini bölüşüb.




Maliyyə nazirinin müavini kənd təsərrüfatının dayanıqlı
inkişafına və suvarma infrastrukturunun müasirləşdirilməsinə xidmət
edən CRAIS layihəsinin fiskal çərçivə, investisiya prioritetləri və
mərhələli yanaşma prinsipləri əsasında həyata keçirilməsinin
nəzərdə tutulduğunu bildirib.

Eyni zamanda “Yaşana bilən Bakı” layihəsi çərçivəsində şəhər
infrastrukturunun təkmilləşdirilməsi, ekoloji tarazlığın
yaxşılaşdırılması və ictimai xidmətlərin keyfiyyətinin artırılması
istiqamətində tədbirlərin kompleks yanaşma əsasında mərhələli
şəkildə həyata keçiriləcəyi qeyd edilib.

Öz növbəsində, Avropa və Mərkəzi Asiya Regionunun Kənd
Təsərrüfatı və Ərzaq üzrə regional meneceri Holger Kray Dünya Bankı
ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu
bildirib. O, qeyd edilən layihələrin Azərbaycanın kənd təsərrüfatı
və şəhərsalma sahələrində dayanıqlı inkişafın dəstəklənməsində
mühüm rol oynadığını, bu istiqamətdə institusional potensialın
gücləndirilməsi və nəticəyönlü yanaşmanın tətbiqinin əhəmiyyətini
vurğulayıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi, cari layihələrin icra mexanizmlərinin
təkmilləşdirilməsi və növbəti mərhələlər üzrə prioritet
istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir