
Bakı. Trend:
Xarici siyasət uğurlarımızdan bəhs edərkən Azərbaycanın
əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyi, qarşılıqlı səfərlər
fonunda artan nüfuzu xüsusi vurğulanır. Buna əmin olmaq üçün təkcə
çari ilin ötən dövründə paytaxt Bakımızın ev sahibliyi etdiyi
tədbirlərin, həmçinin bu və ya digər ölkələrin dövlət və hökumət
başçılarının Azərbaycana davamlı səfərlərinə diqqət yetirmək
kifayətdir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun,
Prezident İlham Əliyevə göstərilən böyük etimadın nümayişidir. Bu
reallıq hər zaman böyük qürur hissi ilə qeyd olunur ki, əgər
əvvəlki illərdə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə
çatdırılması üçün bu və ya digər ölkələrə səfərlər edilirdisə, bu
gün Azərbaycanın müxtəlif mövzuda beynəlxalq tədbirlərə ev
sahibliyi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına
geniş imkanlar yaradır. Azərbaycanın sabit, təhlükəsiz, bugünün
mühüm reallığı olan sülh şəraitində yaşayan ölkə kimi tanınması
xarici siyasət uğurlarımıza mütəmadi yeniliklər əlavə edir. Bu
baxımdan tarixi Zəfərimizdən sonra əməkdaşlıq əlaqələrinin
coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır.
Bu gün diqqəti çəkən mühüm məqamlardan biri də artıq bu və ya
digər ölkələrin dövlət və hökumət başçılarının paytaxt Bakı ilə
yanaşı, regionlarımızda, o cümlədən işğaldan azad edilmiş
ərazilərimizdə qarşılanması, beynəlxalq tədbirlərin bu məkanlarda
keçirilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin ukraynalı
həmkarı Volodimir Zelenskindən sonra Çex Respublikasının Baş naziri
Andrey Babişi Qəbələdə qarşılaması xüsusilə diqqət çəkir. Bu,
regionların diplomatik mərkəz kimi artan rolunun təqdimatıdır. Ötən
il Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji
əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və
Şuşa ilə yanaşı, Azərbaycanın yeni diplomatik-siyasi mərkəzi kimi
formalaşır. Dövlət başçısı İlham Əliyev Çex Respublikasının Baş
naziri Andrey Babişin iştirakı ilə Qəbələdə keçirilən
Azərbaycan-Çexiya biznes-forumundakı çıxışında bildirdi ki, bugünkü
forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim
parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz
Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki,
Azərbaycanın turizm paytaxtıdır. Çex Respublikasının Baş naziri
Andrey Babiş isə öz növbəsində qeyd etdi ki, ən dinamik ölkələrdən
biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və
yeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumu
üçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, ölkələrimiz arasında
əməkdaşlıq dərin və möhkəm təməllərə söykənir. Bu münasibətlər
strateji tərəfdaşlıq, siyasi, iqtisadi və mədəni sahələrdə uzun
illərdir uğurla inkişaf edir. Çex Respublikası Azərbaycanın
müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında
diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulub.
Azərbaycanın Çexiyadakı səfirliyi 2005-ci ildə, Çexiyanın
Azərbaycandakı səfirliyi isə 2019-cu ildə təsis edilib. Prezident
İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncam ilə Azərbaycanın
Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin
edilib. “Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası
Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə
Qarışıq Komissiya” 2011-ci ildə yaradılıb. 2015-ci ildə isə Bakıda
“Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji
Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan Çex
Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki
ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri
əhatə edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında
Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı
xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin
beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi
onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları
səviyyəsində qarşılıqlı səfərlərin dinamikliyi də bu münasibətlərin
yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki, Azərbaycan
Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib.
Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş
naziri isə bir dəfə səfərdə olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlər
münasibətlərdə yeni səhifə açır. Hər dövrün çağırışlarına uyğun
olaraq müzakirələrin aparılması, yeni istiqamətlər üzrə
əməkdaşlığın müəyyənləşdirilməsi, sənədlərin imzalanması əlaqələrin
gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayır. Prezident İlham
Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə
keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, liderlərin
mətbuata birgə bəyanatlarında ənənəvi sahələrlə yanaşı, yeni
istiqamətlərdə də əlaqələrin qurulması geniş müzakirə edildi.
Prezident İlham Əliyev vurğuladı ki, əməkdaşlığımızın böyük hissəsi
energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və
Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya
ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.
Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən
etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da
qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa
İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan
ölkələrə təbii qaz ixrac edir. Dövlətimizin başçısı İlham Əliyev
Azərbaycan-Çexiya biznes-forumunda onu da əlavə etdi ki, biz
Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal
şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək
və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə
planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır.
Millət vəkili bildirib ki, Azərbaycan Çex Respublikası üçün
strateji tərəfdaşdır. Bu reallığı Çex Respublikasının Baş naziri
xüsusi vurğuladı. Andrey Babiş bildirdi ki, buna görə də Avropa
İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz
Azərbaycana etdim. Dövlətimizin başçısı İlham Əliyev ikitərəfli
əməkdaşlığın perspektivlərinə gəldikdə Avropa İttifaqından ilk
kənar ölkəyə – Azərbaycana səfər etdiyinə görə Baş nazir Andrey
Babişə minnətdarlığını ifadə etdi. Bildirdi ki, biz bunu dostluq,
hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən
hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı
kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı
tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın
başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz,
neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni
zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli
qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə
edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə
geniş perspektivdən nəzər saldıq. Prezident İlham Əliyev onu da
qeyd etdi ki, bu gün bir daha Çexiya-Azərbaycan dostluğu,
əməkdaşlığı öz təsdiqini tapır və qarşımızda çox gözəl
perspektivlər açılır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Çexiya Azərbaycanın 6-cı ən böyük
ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü
yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı
mövqeyinin gücləndiyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham
Əliyev həm mətbuata bəyanatında, həm də Azərbaycan-Çexiya
biznes-forumundakı çıxışında Azərbaycanın iqtisadi uğurlarından,
ölkəmizin biznes imkanlarından, əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi üçün mövcud imkanlardan geniş bəhs etdi. Bildirdi
ki, son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ
dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici
tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi,
əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa,
heç bir iqtisadiyyat inkişaf edə bilməz. “Moody’s” Reytinq
Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə
reytinqi səviyyəsinə qaldırıb. Bütün bunlar Azərbaycana pul
vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə
investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik,
sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə
məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan
hər meyar var.
Millət vəkili bildirib ki, Azərbaycanın iqtisadi və siyasi
müstəqilliyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti
ölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdəndir.
Azərbaycan geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul edilir.
Azərbaycanın Avropa ilə yeni mərhələyə daxil olan münasibətləri
uğurla davam edir. Çex Respublikasının Baş nazirinin Qəbələ səfəri
Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimi
dəyərləndirilir. Enerji təhlükəsizliyi, alternativ təchizat
marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli
əməkdaşlığın yeni konturlarını müəyyən edir.

