
Bakı. Trend:
Aprelin 28-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini
– Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev
ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin
Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Ümummilli Lider
Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstəsi qoyulub,
xatirəsi hörmət və ehtiramla yad edilib. Ulu Öndərin və Vətən
uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Təntənəli qarşılanma mərasimində komandanlar fəxri qarovul
dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri
səsləndirilib.
Görüşdə ölkəmizin Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari
vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı
fikir mübadiləsi aparılıb.
Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının
peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə,
həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb,
qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə
ediblər.

