Azərbaycan ilə Çexiya arasında münasibətlər konkret layihələr və təşəbbüslərlə zənginləşir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik
inkişaf mərhələsinə qədəm qoyub və bu əməkdaşlıq artıq yalnız
siyasi dialoq çərçivəsində deyil, həm də iqtisadi, enerji, sənaye
və texnoloji sahələrdə konkret layihələr və təşəbbüslərlə
zənginləşir. Aprelin 27-də Qəbələdə keçirilən yüksək səviyyəli
görüşlər və biznes-forum bu münasibətlərin yeni mərhələyə keçdiyini
bir daha nümayiş etdirdi.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə
Çexiyanın Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər
göstərdi ki, tərəflər arasında siyasi dialoq artıq sabit və davamlı
xarakter alıb. Cəmi üç ay əvvəl Davosda baş tutmuş ilk görüşdən
sonra qısa müddət ərzində rəsmi səfərin reallaşması münasibətlərin
intensivliyindən xəbər verir. Bu dinamika iki ölkənin qarşılıqlı
maraqlarının üst-üstə düşdüyünü və əməkdaşlığın genişləndirilməsi
üçün real zəminin mövcud olduğunu təsdiqləyir. Prezident İlham
Əliyev çıxışında bu məqamı xüsusi vurğulayaraq qeyd edib: “Bu, iki
ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir.
Bizim indi çox fəal siyasi dialoqumuz var”.

Bu siyasi dialoq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır,
həm də regional və qlobal məsələlərin müzakirəsini əhatə edir. Bu
isə Azərbaycan və Çexiyanın beynəlxalq platformalarda da əməkdaşlıq
imkanlarının geniş olduğunu göstərir”, – politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Çexiya münasibətlərinin əsas
istiqamətlərindən biri enerji sahəsidir.

“Azərbaycan uzun illərdir ki, Çexiyanın əsas neft
təchizatçılarından biridir və bu əməkdaşlıq artıq strateji xarakter
daşıyır. Çexiya tərəfi də bunu açıq şəkildə etiraf edir. Baş nazir
Andrey Babiş çıxışında bildirib: “Azərbaycan Çex Respublikasında ən
iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi
Azərbaycandan daxil olur”. Bu fakt təkcə iqtisadi göstərici deyil,
həm də enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa üçün
əhəmiyyətini ortaya qoyur. Hazırda əməkdaşlıq yalnız neftlə
məhdudlaşmır, tərəflər təbii qaz sahəsində də uzunmüddətli
müqavilələr və yeni layihələr üzərində işləyirlər. Azərbaycanın
Avropaya qaz ixracının genişlənməsi fonunda Çexiyanın bu sahəyə
marağı artmaqdadır. Bu əməkdaşlıq həm də Avropanın enerji
mənbələrinin şaxələndirilməsi siyasəti ilə üst-üstə düşür.
Beləliklə, Azərbaycan regionun əsas enerji təminatçılarından biri
kimi mövqeyini daha da möhkəmləndirir. İki ölkə arasında iqtisadi
əlaqələr son illərdə ciddi artım nümayiş etdirib”, – politoloq
bildirib.

A.Qarayev qeyd edib ki, ticarət dövriyyəsinin 800 milyon
dollardan çox olması bunu təsdiqləyir.

“Lakin tərəflər bu göstəricinin struktur baxımından daha
balanslı olmasının vacibliyini qeyd edirlər. Prezident İlham Əliyev
bu barədə bildirib: “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki,
ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq”. Azərbaycan
tərəfi xarici investorlar üçün əlverişli mühit yaratdığını da
vurğulayır. Sabit valyuta siyasəti, aşağı xarici borc səviyyəsi və
yüksək investisiya reytinqləri ölkənin iqtisadi cəlbediciliyini
artırır. Son 20 ildə Azərbaycana 350 milyard dollar sərmayənin
qoyulması bu mühitin real nəticəsidir. Çexiya şirkətlərinin
Azərbaycana artan marağı da diqqət çəkir. 50-dən çox şirkətin
biznes-forumda iştirakı göstərir ki, əməkdaşlıq yalnız niyyət
mərhələsində deyil, konkret layihələr müstəvisində inkişaf edir.
Sənaye, nəqliyyat, energetika, müdafiə və texnologiya sahələri əsas
prioritet istiqamətlər kimi müəyyənləşdirilib”, – o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Çexiya arasında
əməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri də müdafiə
sənayesidir. Çexiya bu sahədə Avropanın qabaqcıl ölkələrindən biri
hesab olunur və müasir texnologiyalarla tanınır.

“Azərbaycan isə öz müdafiə sənayesini inkişaf etdirmək və yerli
istehsalı genişləndirmək strategiyası həyata keçirir. Bu baxımdan
birgə istehsal layihələri xüsusi əhəmiyyət daşıyır. Artıq bu
istiqamətdə konkret danışıqların aparılması əməkdaşlığın praktik
mərhələyə keçdiyini göstərir. Bundan əlavə, nəqliyyat və
infrastruktur sahəsində də geniş imkanlar mövcuddur. Xüsusilə dəmir
yolu, metro sistemləri və “ağıllı” nəqliyyat texnologiyaları
sahəsində Çexiya şirkətləri Azərbaycanın maraq dairəsindədir.
Azərbaycanın coğrafi mövqeyi onu mühüm nəqliyyat və logistika
mərkəzinə çevirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin
kəsişməsində yerləşən ölkə artıq beynəlxalq tranzit marşrutlarının
əsas iştirakçısına çevrilib. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq
yeni imkanlar yaradır. Avropa ilə Asiya arasında yük daşımalarının
artdığı bir dövrdə Azərbaycan üzərindən keçən marşrutların
əhəmiyyəti daha da yüksəlir. Bu isə logistika, infrastruktur və
nəqliyyat sahəsində birgə layihələrin sayının artmasına gətirib
çıxara bilər”, – A.Qarayev bildirib.

Onun sözlərinə görə, müasir dövrdə enerji əməkdaşlığı yalnız
ənənəvi resurslarla məhdudlaşmır.

“Azərbaycan bərpaolunan enerji sahəsində də böyük planlar həyata
keçirir. 2032-ci ilə qədər 8 giqavat gücündə yaşıl enerji istehsalı
hədəfi ölkənin bu istiqamətdə ciddi addımlar atdığını göstərir.
Çexiya şirkətləri bu sahədə texnologiya və təcrübə baxımından
Azərbaycanın tərəfdaşı ola bilər. Eyni zamanda süni intellekt,
məlumat mərkəzləri və innovasiya texnologiyaları da əməkdaşlığın
yeni istiqamətləri kimi ön plana çıxır. İqtisadi əməkdaşlıqla
yanaşı, turizm və humanitar sahələr də münasibətlərin inkişafında
mühüm rol oynayır. Hər iki ölkə zəngin tarixə, mədəni irsə və
turizm potensialına malikdir. Qəbələdə keçirilən tədbirlər də
təsadüfi deyil. Qədim tarixə malik bu şəhər bu gün Azərbaycanın
turizm mərkəzlərindən biri kimi çıxış edir. Turizm sahəsində
əməkdaşlıq, birbaşa aviareyslərin artırılması və xalqlararası
əlaqələrin genişləndirilməsi münasibətləri daha da dərinləşdirə
bilər”, – A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, Qəbələdə keçirilən görüşlər və
biznes-forum Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyə
qədəm qoyduğunu açıq şəkildə göstərdi.

“Siyasi dialoqdan başlayaraq enerji, sənaye, nəqliyyat,
innovasiya və turizm sahələrinə qədər geniş spektri əhatə edən
əməkdaşlıq artıq strateji xarakter alır. Bu görüşlər və açıqlanan
məqsədlər və hədəflər iki ölkə arasında münasibətlərin gələcəkdə
daha da dərinləşəcəyini və yeni layihələrlə zənginləşəcəyini deməyə
əsas verir. Mövcud potensial və qarşılıqlı maraqlar nəzərə
alındıqda, Azərbaycan və Çexiya arasında əməkdaşlığın uzunmüddətli
və dayanıqlı olacağı şübhə doğurmur”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir