“Bakı Marafonu 2026” un start və finişində konsert proqramı

Baş səhifə

Bakı. Trend:

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək
”Bakı Marafonu 2026” idman hadisəsi olmaqla yanaşı, maraqlı əyləncə
proqramı ilə də yadda qalacaq.

Trend xəbər
verir ki, marafonun start nöqtəsi – Dövlət Bayrağı Meydanı, finiş
nöqtəsi isə Sea Breeze ərazisi olacaq. Hər iki nöqtədə konsert
proqramı təqdim ediləcək.

Builki marafon əvvəlki illərdən təkcə qaçışın 42 kilometrlik
məsafəni əhatə etməsi ilə deyil, əyləncənin miqyası ilə də
fərqlənəcək. Bu il start nöqtəsinin fan zonasında həm qaçışçılar,
həm də yarışı izləməyə gələn qonaqlar üçün axşam saatlarınadək
maraqlı anlar yaşadılacaq.

Startdakı fan zonada açıq havada sevilən ifaçıların iştirakı ilə
möhtəşəm konsert proqramı təqdim olunacaq. “Qaçmasan da əyləncəni
qaçırtma” şüarı ilə təşkil edilən konsert izləyicilərə yaddaqalan
bir gün vəd edir.

Konsertdə xalq artistləri Aygün Kazımova, Tünzalə Ağayeva,
əməkdar artistlər Lalə Məmmədova, Manana, həmçinin Avroviziya
təmsilçilərimiz Dilarə Kazımova, Eldar Qasımov, Nadir Rüstəmli,
Nigar Camal, Samira Əfəndi çıxış edəcək. Səhnədə Azad Şabanov,
Ceyhun Zeynalov (Cin), Elnarə Xəlilova, Emiliya Yaqubova, Fərid
Eminov (Qurd), Xatirə İslam, İlqarə Kazımova, İradə İbrahimova,
Kazım Can, Mehin Hümbətova, Mətin Hüseynzadə (MadTeen), Hiss,
Rilaya, Samira Ali Maryam, Sevanna, “Cahan”, “Naz Girls”, “Şeron”
qrupları, DJ China (Çingiz Mustafayev) və digərlərinin ifaları
səslənəcək.

Finiş nöqtəsi – Sea Breeze ərazisində də qaliblərin
mükafatlandırma mərasimi DJ və musiqi qruplarının çıxışları ilə
müşayiət olunacaq.




“Bakı Marafonu 2026”nın əyləncə proqramı üzrə media tərəfdaşları
Xəzər TV, Araz FM, Xəzər FM və Azərbaycan Televiziyası –
AzTV-dir.

Marafonun finiş nöqtəsində də səhər saatlarından etibarən
idmançıları və ziyarətçiləri əyləncə proqramı gözləyir: Dj Came,
Meri Band, Ellai, maskotlar, maraqlı foto zonalar, finişə çatan
iştirakçıları qarşılayan könüllülər marafon qaliblərinin və onları
dəstəkləməyə gələnlərin ovqatını daha da yüksəlcədəcək,
mükafatlandırma mərasimini daha dinamik edəcək.

42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın
qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif
olunacaq.

1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN,
finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim
ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün
iştirakçılara medallar veriləcək.

Daha qısa məsafəni qət edən iştirakçıların da
mükafatlandırılması qərara alınıb. Belə ki, 42 km məsafənin
öhdəsindən gələ bilməyib 21 km yarı marafon məsafəni qət edən ilk
2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə
sertifikatlarla təltif olunacaq.

Bundan başqa finişə ilk çatan qız və oğlan tələbə, finiş xəttini
keçən ilk korporativ qadın və kişi iştirakçı, finiş xəttini keçən
ilk ən yaşlı qadın və kişi iştirakçılar mükafatlandırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir