
Bakı.Trend:
Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, QHT rəhbəri
Sahib Məmmədov metronun “Nizami” stansiyasının yaxınlığında
planlaşdırılan “B-5” stansiyasının tikintisini məqsədəuyğun hesab
etmədiyini bildirib.
S.Məmmədov bildirib ki, həmin ərazi yeraltı suların aktiv
zonasıdır. Onu sözlərinə görə, ərazinin hidrogeoloji şəraiti belə
layihələrin icrasına imkan vermir.
“Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada
bilən layihədir.”, – S.Məmmədov deyib.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-dən Trend-ə bildirilib ki,
2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı
metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı
Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal
istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın
şərqinə doğru uzadılmasıdır.
“Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli
əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet
məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini
əyani nümayiş etdirib.
Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində
yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa
ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər
sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və
rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının
optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan
savayı bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar
üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək”.
Qurumdan qeyd edilib ki, Bakının mürəkkəb hidrogeoloji şəraiti
ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə
zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş,
habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb,
mümkün risklər qiymətləndirilib:
“Bu xüsusda “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar
dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi
öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və
müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları,
inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq
təhlilləri aparılıb.
Tunel və stansiya qazıntısında müasir texnologiyalar və
üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi
inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit
edib.
“B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı
bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı
texnologiyalardan istifadə olunacaq”.

