“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
təşkilatçılığı ilə “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın
inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.

Bu barədə Trend-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider
Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq
abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik
Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül
dəstələri düzülüb. Tədbir iştirakçıları həmçinin, Şəhidlər
Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib,
“Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri,
sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də
müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak
ediblər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin
sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisinin deputatı,
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər
Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin
sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev,
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin
sədri Ramiz İsayev çıxış ediblər. Çıxışlarda ölkə iqtisadiyyatının
davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun
aparıcı rolu xüsusi vurğulanıb. Ölkəmizdə sahibkarlığın
formalaşması və inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulması, bu siyasətin hazırda Prezident İlham Əliyev
tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam
etdirildiyi vurğulanıb. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin
inkişafı məqsədilə qanunvericilik bazası mütəmadi olaraq
təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes
mühitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər
görülür, sahibkarlara göstərilən maliyyə və institusional dəstək
mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı
tədbirlər tətbiq olunur.




Həmçinin qeyd olunub ki, kiçik və orta biznesin inkişafı
iqtisadi siyasətin prioritetlərindəndir, dövlət-özəl sektor
əməkdaşlığının davamlı olaraq genişlənir.

Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub.

Tədbirin sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları
adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, 2002-ci ilin 25 aprel tarixində Ümummilli Lider
Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş
adamları ilə tarixi görüşləri olub. Prezident İlham Əliyevin
2016-cı il 21 aprel tarixli Sərəncamı ilə bu əlamətdar tarix
ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir