
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının
(AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli
Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36
nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək
məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, proqramın məqsədi gənc məzunların peşə hazırlığının
gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci
pilot kimi yetişdirilməsidir.
Məzunlar Baltik Aviasiya Akademiyasının (“Baltic Aviation
Academy”) Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18
aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar.
Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya
Təhlükəsizliyi Agentliyi (“EASA”) tərəfindən verilən beynəlxalq
sertifikat əldə edəcəklər.
Baltik Aviasiya Akademiyası Avropanın aparıcı aviasiya təlim
mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq
səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl
simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti
ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif
nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər. Təlim
iştirakçıları “EASA”nın standartlarına uyğun nəzəri və praktiki
biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə
cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.
Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim
mərkəzində “Airbus A320” tipli təyyarə üzrə hazırlıq keçərək tip
üzrə ixtisaslaşma (“type rating”) sertifikatı əldə edəcəklər. Bütün
mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq
AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə
olaraq 25 pilot Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı
Mərkəzində, 65 pilot isə Türkiyədə yerləşən təlim mərkəzində
hazırlıq proqramlarında iştirak edir.
MAA məzunları bu proqrama seçim mərhələsində Azərbaycana dəvət
olunmuş beynəlxalq ekspertlər tərəfindən keçirilən “SkyTest”
imtahanında iştirak edirlər. İmtahan namizədlərin psixoloji
hazırlığını və motorik bacarıqlarını qiymətləndirmək məqsədi
daşıyır, yekun seçim isə “SkyTest” ekspert rəyləri əsasında həyata
keçirilir.
Qeyd edək ki, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına uyğun
olaraq aviaşirkətin donanması dinamik şəkildə genişləndirilir. Bu
proses çərçivəsində milli aviadaşıyıcı sərnişinlərə təhlükəsiz və
komfortlu səyahət təcrübəsi təqdim etmək məqsədilə yerli pilot
heyətinin sayının artırılmasına və onların beynəlxalq standartlara
uyğun hazırlanmasına xüsusi önəm verir. 2032-cı ilədək AZAL-ın
hazırda 25 təyyarədən ibarət donanmasının sayının 50 təyyarəyədək
genişləndirilməsi, 280-ə yaxın olan pilot heyətinin sayının isə ən
azı iki dəfə artırılması nəzərdə tutulur. Bu, aviaşirkətin
dayanıqlı inkişafı və insan kapitalına yatırımlarının mühüm tərkib
hissəsidir.
Yola düşən gənc pilotlarla bağlı videonu buradan
izləyə bilərsiniz.

