
Bakı. Trend:
Yaz aylarının gəlişi bir çox insan üçün xoş əhval-ruhiyyə ilə
yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir.
Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik
xəstəliklərin kəskinləşməsinə səbəb olur.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay
Əliyeva açıqlayıb.
Onun sözlərinə görə, bu allergiyalar bəzən sadəcə burun axıntısı
və asqırma ilə məhdudlaşsa da, bəzi hallarda daha ciddi tənəffüs
problemlərinə, o cümlədən astmaya gətirib çıxara bilər:
“Yaz allergiyası əsasən allergik rinit kimi özünü göstərir. Bu
zaman burun selikli qişası iltihablaşır, asqırma, burun axıntısı,
qaşınma və gözlərdə sulanma müşahidə olunur. Lakin bu proses yalnız
yuxarı tənəffüs yolları ilə məhdudlaşmır. Müalicə olunmadıqda və ya
nəzarətsiz qaldıqda iltihab aşağı tənəffüs yollarına – bronxlara
yayıla bilər. Bu zaman bronxlar həssaslaşır, daralır və nəticədə
astma inkişaf edə bilər. Tibbdə bu proses “allergik marş” və ya
“allergik yürüş”kimi tanınır. Araşdırmalar göstərir ki, allergik
riniti olan insanların əhəmiyyətli hissəsində zamanla astma riski
artır. Tez-tez asqırma, şəffaf burun axıntısı, burun tutulma,
burunda və gözlərdə qaşınma allergik rinitin əsas
əlamətləridir”.
Pulmonoloq Günay Əliyeva qeyd edib ki, astma isə daha çox aşağı
tənəffüs yollarını əhatə edir və nəfəs darlığı, sinədə sıxılma
hissi, xırıltılı nəfəs, xüsusilə gecə artan quru öskürək, fiziki
fəaliyyət zamanı nəfəs çatışmazlığı əlamətləri olur:
“Əgər simptomlar yalnız burun və gözlərlə bağlıdırsa, bu daha
çox allergiyanı göstərir. Lakin nəfəsalma çətinliyi və öskürək də
qoşulursa, artıq astma ehtimalı nəzərə alınmalıdır. Əgər şikayətlər
mövsümi xarakter daşıyır və əsasən burun-göz əlamətləri ilə
məhdudlaşırsa, allerqoloqa müraciət etmək məqsədəuyğundur.
Allerqoloq allergiyaya səbəb olan allergenləri müəyyənləşdirə və
uyğun müalicə planı tərtib edə bilər. Lakin nəfəs darlığı, uzun
müddətli öskürək, sinədə sıxılma və ya xırıltı varsa, pulmonoloq
müayinəsi vacibdir. Bu hallarda tənəffüs yollarının funksional
vəziyyəti yoxlanmalı və astma ehtimalı dəyərləndirilməlidir.
Allergenlərlə təmas zamanı bronxlarda iltihab artır, selik
ifrazı çoxalır və bronxlar daralır. Bu isə astma tutmalarının
tezləşməsinə və daha ağır keçməsinə səbəb olur. Xüsusilə yaz
aylarında polenlərin yüksək olduğu dövrlərdə astma xəstələrinin
vəziyyəti pisləşə bilər”.

