Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər

Baş səhifə

Bakı. Trend:

Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan
Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və
Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın
sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası
keçirilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyasının Katibliyi məlumat yayıb.

İclasda məmnunluqla qeyd olunub ki, komissiyaların 13-cü iclası
növbəti dəfə tərəflərdən birinin ərazisində – Ermənistan
Respublikasında, Ağverəndə baş tutub.

Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata
keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı
fikir mübadiləsi aparıblar.

Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına
dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və
mübadilə ediblər:

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert
qruplarının iş qaydası haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında
Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri
qaydası haqqında Təlimat”.

Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz
hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin
Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher
Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir
mübadiləsi aparıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə
Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir
və hazırda da davam edir.

Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft
məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari
əlaqələrin formalaşmasının göstəricisidir.

Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin
iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və
xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları
məsələləri müzakirə olunub.

Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan
Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi
sayəsində mümkün olub.

Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol
imzalanıb.

Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti
iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa
gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir