Ceyhun Bayramov Uruqvayın xarici işlər nazirinin müavini ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Aprelin 29-da Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin
müavini Valeriya Çukasini qəbul edib.

XİN-dən Trend
verilən xəbərə görə, görüş zamanı, Azərbaycan ilə Uruqvay arasında
ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun
dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və
institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini
vurğulayıblar.

Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma
məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və
birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən
keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin
asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması
istiqamətində mümkün addımlar müzakirə olunub.

Tərəflər ötən il Azərbaycan Respublikasının iqtisadiyyat
nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin
Uruqvaya səfərinin ticarət və iqtisadi əlaqələrin inkişafına müsbət
töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların
davamlılığının əhəmiyyətini qeyd ediblər.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
üzrə fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Uruqvay arasında siyasi
məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə
Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay
tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi
rəhbərlik edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir