Elektron resept həkim səhvlərini minimuma endirir – Səhiyyə Nazirliyi

Baş səhifə

Bakı. Trend:

Elektron Resept Sisteminin yaradılmasının əsas məqsədi
reseptlərin tərtibi, saxlanılması və icrası proseslərinin
rəqəmsallaşdırılması, kağız kargüzarlığının minimuma endirilməsi və
dərman dövriyyəsində şəffaflığın təmin edilməsidir.

Trend xəbər
verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da
Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə
əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, sistem həmçinin qanunsuz dərman
dövriyyəsinin qarşısının alınmasına, vətəndaşların istifadə müddəti
bitmiş və ya keyfiyyətsiz dərman vasitələri ilə təmin edilmə
riskinin azaldılmasına xidmət edir:

“Elektron Resept Sistemi vasitəsilə kağız reseptlərdən mərhələli
şəkildə imtina edilərək reseptlərin vahid elektron platformada
tərtibi, saxlanılması və idarə olunması təmin olunur. Bu yanaşma
səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, idarəetmə
proseslərinin optimallaşdırılmasına və ümumilikdə səhiyyə
sistemində səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Sistem
həkimlərin, pasiyentlərin və əczaçıların gündəlik fəaliyyətində
rahatlığın təmin olunması məqsədilə davamlı olaraq
təkmilləşdirilir. Təkmilləşdirmə prosesləri istifadəçilərin
praktiki təcrübəsi, həkimlərin rəyləri və sistemdən istifadə zamanı
ortaya çıxan ehtiyaclar əsasında həyata keçirilir”.




S.Məhərrəmova bildirib ki, elektron resept tətbiqi ilk növbədə
reseptlərin tərtibi prosesində dəqiqliyin və standartlaşdırmanın
artırılmasına xidmət edir:

“Sistem dərman vasitələrinin dövlət qeydiyyatı, təsiredici
maddəsi, doza göstəriciləri və digər tibbi parametrlər üzrə
avtomatlaşdırılmış yoxlama mexanizmləri təqdim edir. Bu mexanizmlər
reseptlərin səhv, natamam və ya tibbi standartlara uyğun olmayan
formada tərtib edilməsi riskini minimuma endirir.
ununla yanaşı, sistem vətəndaşların resept məlumatlarına çıxış
imkanlarını da genişləndirir. Elektron reseptlər mobil tətbiqlər və
MyGov platforması üzərindən vətəndaşlar üçün əlçatan olur. Bu isə
reseptlərin itməsi, oxunmaz olması və ya istifadə zamanı yaranan
digər texniki çətinliklərin aradan qaldırılmasına imkan
yaradır”.

Mütəxəssis qeyd edib ki, eyni zamanda, Elektron Resept Sistemi
səhiyyə idarəçiliyi baxımından mühüm analitik imkanlar
formalaşdırır:

“Sistem vasitəsilə dərman təyinatları üzrə məlumatların
toplanması, təhlili və monitorinqi mümkün olur. Bu məlumatlar
əsasında dərman təminatının daha səmərəli planlaşdırılması, səhiyyə
xidmətlərinin optimallaşdırılması və sahə üzrə qərarların daha
əsaslandırılmış şəkildə qəbul edilməsi təmin edilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir