Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi
edəcək.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər
Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq
çərçivəsində 5 iyun 2026-cı il tarixində Bakıda Ümumdünya Ətraf
Mühit Gününə (WED) ev sahibliyi edəcək. Tədbir “Təbiətdən ilham
alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” mövzusu altında
keçiriləcək.

Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü
ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.




1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla
insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal
platformadır.

Qeyd edək ki, Azərbaycan qorunan təbiət ərazilərinin
genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin
bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində
fəaliyyətini davam etdirir. Ölkə, həmçinin Paris Sazişi tərəfi kimi
emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji
sahəsini genişləndirir.

COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən
Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da
gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə
çevrilməsinə töhfə verməyi hədəfləyir.

Azərbaycan Respublikası və BMT-nin Ətraf Mühit Proqramı bütün
tərəfləri Ümumdünya Ətraf Mühit Gününə qoşulmağa və ətraf mühitin
qorunması naminə birgə fəaliyyət göstərməyə dəvət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir