Okamponun videoetirafı: “Borrel mənim komandamın üzvüdür”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Avropa siyasətində rəzillik davam edir. Trend-in əldə
etdiyi sensasiyalı videogörüntülər Avropa qurumlarında erməni
lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində
korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir.
Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis
Ocampo və onun oğlu Tomasın əks olunduğu videogörüntülərdən gedir.
Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün
istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə
danışırlar.

Əvvəlcə gəlin görək Luis Okampo kimdi? Azərbaycan auditoriyasına
onu xüsusi tanıtmağa ehtiyac duymuruq. Argentina vətəndaşı,
prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs son illər
pullu erməni lobbiçisinə çevrilib. Bu şəxs yeni sponsorlarının
sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdır — açıq-aydın
feyklər yaymağa da, yalanlar danışmağa da, ksenofobiya və
islamofobiya üzərindən manipulyasiyalara da. Onun bu utanc verən
fəaliyyəti haqda biz çox danışmışıq.

Lakin indi istefada olan prokuror ətrafındakı qalmaqal yeni
rənglər almağa başlayır. Okamponun oğlu söhbət zamanı açıq şəkildə
məqsədlərini açıqlayır: “Bizim nail olmalı olduğumuz şey —
Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır”.

Daha maraqlısı isə Luis Okamponun özünün açıqlamalarıdır.
Videoda da göründüyü kimi, o çəkinmədən bildirir: “Əgər belə
işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə
bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa
Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi
müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç
bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam
indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə,
suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə
təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra
bilərəm”.

Videoyazıları və onların mətnini təqdim
edirik:

Luis Moreno Okampo: Əgər mənim bu cür
işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə
edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis
var — o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi
məsləhətçisi idi

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Josep Borrell.
Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və
orada — Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa
suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm,
beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb — əvvəllər
bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi
çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə
məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə
Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var
və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış
oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda
daha böyük əhəmiyyət daşıyır — Donald Tramp artıq müəyyən mənada,
məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt
üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni
lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real,
həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı
dağıtmalı deyiləm — qapı artıq açıqdır, biz sadəcə onu
açırıq.

Tomas Moreno Okampo (oğlu): Bizim işimiz
insanları koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın,
görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş
verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu.
Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan
insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə
görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı.
Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik
edir — çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var.
Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq.
Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş
nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: Biz onu
uzaqlaşdırmalıyıq.

Göründüyü kimi, Okamponun planları kifayət qədər genişdir:
Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla
müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə
əlaqəli şəkildə təzyiqi artırmaq. Görünür, əsas alət isə “insan
hüquqları” mövzusunda spekulyasiyalardır.

Bu isə artıq çox ciddi məsələdir. Əslində, söhbət Ermənistanın
daxili işlərinə kobud müdaxilədən və regional sülhə və
təhlükəsizliyə zərbə vurmaq cəhdlərindən gedir. Açıq desək, Luis
Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional
sülhə və Azərbaycana qarşı kampaniya aparır və bu kampaniyaya
Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlar geniş
şəkildə cəlb olunub.

Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri Avropa
diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafıdır.
Redaksiyamızda bu kampaniyada iştirak edən digər Avropa Parlamenti
deputatları və Aİ-nin yüksək vəzifəli şəxsləri barədə də məlumatlar
var.

Kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni
oliqarxlar — Samvel Karapetyan, Ruben Vardanyan və digərləri
tərəfindən həyata keçirilib. Videoda Okamponun oğlunun Ermənistanın
siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə
etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və
digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində
aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət
dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin
mərkəzində olublar.

Əslində, bu yeganə hal deyil. Bir müddət əvvəl Aİ Ermənistana
hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərmişdi. Maraqlıdır
ki, bu təhdidlərin formalaşmasında Avropa Parlamentinin özü kimi
strukturların da rolu ola bilər. Üstəlik, Avropa Parlamentinin
müvafiq qətnaməsinin mətni və narrativləri təəccüblü şəkildə Rusiya
ritorikası ilə üst-üstə düşür.

Açığını desək, Avropa strukturlarında korrupsiyanın miqyası heç
kəsə sirr deyil. Borrelin kimə xidmət etdiyi də məlumdur. Lakin
təqdim olunan materiallar yeni sensasiyalı adları və faktları üzə
çıxarır.

Ən vacibi isə budur: bu gün hər bir ifşa “dərin feyk” və ya
neyroşəbəkə məhsulu kimi təqdim edilməyə çalışıldığı bir dövrdə
yaşayırıq. Ona görə biz əvvəlcədən bəyan edirik — təqdim etdiyimiz
videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə
heç bir müdaxiləyə məruz qalmayıb. Biz yarana biləcək şübhələri
anlayırıq və bir daha qeyd edirik ki, sizə təqdim etdiyimiz
görüntülər realdır.

Jurnalist etikası qaydalarına uyğun olaraq, Vəziyyətə aydınlıq
gətirmək üçün Okamponun mövqeyini də dərc etməyə hazırıq. Həmçinin
redaksiya bu qalmaqalla bağlı şərhlər almaq üçün Avropa Parlamenti
və Aİ-nin digər institutlarına rəsmi sorğular göndərməyi
planlaşdırır.

Biz haqlı olaraq suallarımıza cavab verilməsini gözləyirik.
Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət
orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını
araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir!
Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa
Parlamentində fəaliyyətini araşdırmalı və Borrel, Okampo və
digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə
çıxarmalıdır. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu
məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbirlər
görməlidir.

Şübhə etmirik ki, biz hələ bu iş üzrə Avropa Parlamentində yeni
qalmaqallar və araşdırmaların şahidi olacağıq. Okamponun və onun
şəbəkəsinin — erməni lobbisi və satın alınmış avropalı
siyasətçilərin — fəaliyyəti açıq şəkildə göstərir ki, onların
hədəfi yalnız Bakı deyil. Hədəfdə həm də İrəvan və regionda
yaranmaqda olan həssas balansdır. Başqa sözlə, bu, sülh prosesini
pozmaq və vəziyyəti idarə olunan destabilizasiya ssenarisinə
qaytarmaq cəhdidir.

Ardı var…

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir