Qazaxıstan və Azərbaycan birgə turoperator işə salır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycandakı Qazaxıstan səfirliyində ölkələr arasında
turizm əməkdaşlığının inkişafına yönəlmiş vahid
Qazaxıstan-Azərbaycan tur operatoru “TurAn”ın yaradılması ilə bağlı
təsis sənədlərinin imzalanmasının rəsmi mərasimi keçirilib.

Bu barədə Trend
xəbər verir.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel,
Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri, eləcə də
sahənin aparıcı ekspertləri iştirak ediblər.

Layihə turizm bazarlarında təcrübəyə malik və beynəlxalq
layihələr həyata keçirən Discover Jetisu (Qazaxıstan) və Smile
Azerbaijan Tour (Azərbaycan) şirkətlərinin birgə səyləri ilə
reallaşdırılıb. “TurAn” turizm sahəsində iki ölkənin kapitalının
paritet (50/50) iştirakı ilə yaradılan ilk birgə Qazaxıstan –
Azərbaycan özəl şirkətidir. Yeni şirkətin nizamnamə kapitalı 100
min ABŞ dolları təşkil edir. Şirkətin fəaliyyəti ekoturizm, mədəni
və qastronomik turlar, həmçinin tibbi və işgüzar turizm daxil
olmaqla geniş spektrli turizm xidmətlərini əhatə edəcək.




Açılışda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ölkələr
arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini
vurğulayaraq bildirib ki, vahid tur operatorunun yaradılması
ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və regionun vahid
turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına töhfə
verəcək. Qeyd olunub ki, son illərdə qarşılıqlı turizm
mübadiləsində müsbət dinamika müşahidə olunur və bu kimi
təşəbbüslərin həyata keçirilməsi turist axınının daha da
artırılmasına yönəlib. Diplomat 2024–2025-ci illərdə Qazaxıstanın
Bakıdakı səfirliyi tərəfindən sahə üzrə əməkdaşlığın inkişafına
yönəlmiş iki Qazaxıstan – Azərbaycan turizm forumunun təşkil
olunduğunu xatırladıb.

Qazaxıstan və Azərbaycan arasında inkişaf etmiş hava əlaqəsi
mövcuddur. Birbaşa uçuşlar “Air Astana”, “FlyArystan” və “Azerbaijan Airlines” aviaşirkətləri tərəfindən Bakı–Astana,
Almatı, Aktau, Atırau və Şımkent marşrutları üzrə həyata keçirilir.
Həftəlik reyslərin ümumi sayı 30-u ötür. “TurAn”ın fəaliyyətə
başlaması iki ölkənin turizm sektorunun inkişafında mühüm addım
olacaq, investisiya fəallığının artmasına və beynəlxalq bazarlarda
birgə turizm məhsullarının genişlənməsinə töhfə verəcək.

Sənədin imzalanma mərasimində “Discover Jetisu” (Qazaxıstan) və “Smile Azerbaijan Tour” (Azərbaycan) şirkətlərinin rəhbərləri –
Aleksandr Aknazarov və Narina Mahmudova iştirak ediblər. Tərəflər
qeyd ediblər ki, vahid Qazaxıstan–Azərbaycan tur operatoru
“TurAn”ın yaradılması ölkələr arasında turist axınının
intensivləşdirilməsi, investisiya və mədəni cəlbediciliyin
artırılması vasitəsilə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə regionun vahid turizm
istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına da müsbət
təsir göstərəcək.

2018-ci ildə yaradılan “Smile Azerbaijan Tour” turizm
xidmətlərinin tam spektrini təqdim edir. İnkişafın əsas
istiqamətlərindən biri turizm xidmətlərinin satışı üçün B2B və B2C
sistemi kimi fəaliyyət göstərən “Gettripto” beynəlxalq turizm
platformasıdır. “Smile Azerbaijan Tour” MMC “Azerbaijan Tourism
Board”un tərəfdaşıdır, beynəlxalq turizm təchizatçıları və
texnoloji platformalarla əməkdaşlıq edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir