Azad edilmiş ərazilərdə ümumi gücü 7 000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb

Baş səhifə

Bakı. Trend:

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl
texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı
əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 12-ci iclası
keçirilib.

Trend xəbər
verir ki, energetika nazirinin müavini Prezident İlham Əliyevin
müvafiq Sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə
həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən
danışıb.

Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış
məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri
barədə məlumat verilib. Yaşıl enerji texnologiyalarının tətbiqi
çərçivəsində Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasında
yarımstansiyanın tikintisinin başa çatdırıldığı, hazırda günəş
panellərinin quraşdırılmasına başlanıldığı qeyd olunub.




Həmçinin hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” günəş
elektrik stansiyaları layihələrinin icrasının, Kəlbəcərdə isə 240
MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq
məqsədi ilə ölçmə-müşahidə işlərinin davam etdirildiyi
bildirilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına,
yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə
monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Zəngilan və
Kəlbəcər şəhərlərində, Zəngilan rayonunun Məmmədbəyli,
Cahangirbəyli, Cəbrayıl rayonunun Horovlu, Soltanlı və Şükürbəyli,
Kəlbəcər rayonunun Zar, Ağdərə rayonunun Suqovuşan, Çapar,
Həsənriz, Vəngli və Kolatağ kəndlərində aparılmış monitorinqlərin
nəticələri nəzərdən keçirilib. Ərazilərdə damüstü günəş
panellərinin quraşdırılması və vətəndaşların aktiv istehlakçı kimi
qeydiyyata alınması proseduru üzrə cari vəziyyətə dair məlumatlar
diqqətə çatdırılıb. Bildirilib ki, azad edilmiş ərazilərdə
indiyədək 2000-dən çox fərdi yaşayış evində, ictimai və sosial
binalarda ümumi gücü 7000 kVt-dan çox olan günəş panelləri və
7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.
İşıqlandırma qurğularının 40 faizi, yəni təqribən 3000 ədədi günəş
enerjisi ilə işləyən hibrid sistemlərdir.

İclasda, həmçinin yaşayış komplekslərində qaz və istilik
təminatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin yekununda
irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq
tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir