Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat vəictimaiyyətlə
əlaqələr şöbəsi məlumat verib.

Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş
Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə
əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla
inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli səfərlərin və
görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin
müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident
İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın
Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri,
həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək
səviyyəli səfərlər qeyd olunub.

Söhbət zamanı bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz
arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən
biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan
Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran
ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində
əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

Milli Məclisin sədri özünün Birləşmiş Krallığa səfərlərini,
həmçinin Birləşmiş Krallığın ölkəmizdə səfərdə olan yüksək
səviyyəli təmsilçiləri ilə keçirdiyi çoxsaylı görüşləri məmnunluqla
xatırlayaraq, bu səfərlər və görüşlər zamanı aparılan müzakirələrin
parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini
qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclisin Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupu ən böyük qruplardan biridir. Spiker Sahibə Qafarova
qanunvericilik orqanları arasında əlaqələrin daha da
genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun
əhəmiyyətindən danışıb.

Səfir Fergus Auld ölkələrimiz arasında mövcud olan sıx
əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə
arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika,
alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər
istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.

Görüşdə tərəflər humanitar sahədə əməkdaşlıq məsələlərinə də
toxunaraq vurğulayıblar ki, ölkələrimizin təhsil sahəsində yüksək
səviyyəli əməkdaşlığı xalqlarımız arasında əlaqələrin daha da
gücləndirilməsinə xidmət edir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir