Bakı. Trend:
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin Münsiflər
Heyətinin qiymətləndirmə sessiyası başa çatıb. Sessiya çərçivəsində
Deloitte və PAŞA Bank təmsilçiləri namizəd şirkətləri Münsiflər
Heyətinə təqdim ediblər. Təqdimatlar zamanı iştirakçı şirkətlərin
idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes
fəaliyyətləri ətraflı müzakirə olunub.
Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı — strategiya,
əməliyyatlar, innovasiya və korporativ mədəniyyət üzrə aparılıb.
Münsiflər Heyəti namizədləri bu istiqamətlər üzrə hərtərəfli
nəzərdən keçirib.

Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramının
məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların
dayanıqlı inkişafını dəstəkləməkdir.
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin
sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə
Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA
Universiteti və İctimai Televiziyadır.
Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir.
İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə
“Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb.
Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup,
Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement
(iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki
il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat
laureatı) və Azərsun Holdinq yer alır.




