Avropa Parlamenti yanaşmasında daha obyektiv olmalıdır

Baş səhifə

Bakı. Trend:

Son günlərdə Avropa Parlamenti tərəfindən qəbul edilmiş
“Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə
regionumuzda diqqətlə izlənilən və ciddi müzakirələr doğuran
sənədlərdən biridir. İlk baxışda bu qətnamə demokratiyanın təşviqi,
institusional sabitliyin gücləndirilməsi kimi müsbət niyyətlərə
əsaslanır. Lakin onun məzmununa və qəbul edildiyi siyasi kontekstə
diqqətlə yanaşdıqda, bu sənədin regionda yeni formalaşmaqda olan
sülh və etimad mühitinə müəyyən mənfi təsirlər göstərə biləcəyi
qənaətinə gəlmək mümkündür.

Cənubi Qafqaz regionu uzun illər davam edən münaqişələrdən sonra
nəhayət ki, yeni bir mərhələyə qədəm qoymuşdur. Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində
aparılan danışıqlar, sərhədlərin delimitasiya və demarkasiya
prosesi, nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi mühüm
addımlar regionda davamlı sülhün bərqərar olması üçün real zəmin
yaratmaqdadır. Bu həssas mərhələdə tərəflər arasında qarşılıqlı
etimadın gücləndirilməsi, balanslı və obyektiv yanaşmaların nümayiş
etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Təəssüf ki, qeyd olunan qətnamədə birtərəfli yanaşmanın
elementləri açıq şəkildə hiss olunur. Ermənistanın daxili siyasi
proseslərinə və demokratik inkişafına dəstək adı altında qəbul
edilən bu sənəd, dolayısı ilə regiondakı digər tərəfin –
Azərbaycanın maraqlarını və legitim mövqeyini yetərincə nəzərə
almır. Bu isə istər-istəməz balansın pozulmasına və tərəflər
arasında etimadın zəifləməsinə səbəb ola bilər.

Diqqət yetirməli olduğumuz digər mühüm məqam ondan ibarətdir ki,
beynəlxalq qurumların qəbul etdiyi sənədlər yalnız hüquqi və ya
siyasi bəyanat xarakteri daşımır, eyni zamanda psixoloji və siyasi
mesaj rolunu oynayır. Belə qətnamələr region ölkələrində ictimai
rəyə təsir göstərir, siyasi dairələrdə müəyyən gözləntilər
formalaşdırır. Əgər bu mesajlar balanslı və obyektiv olmazsa, bu,
danışıqlar prosesinə mənfi təsir göstərərək tərəflərdən birində
əsassız üstünlük hissi yarada bilər.

Sülh prosesi son dərəcə incə və mürəkkəb bir mexanizmdir. Bu
proses yalnız siyasi sənədlərlə deyil, qarşılıqlı etimad,
konstruktiv dialoq və real addımlarla möhkəmləndirilir. Xarici
aktorların bu prosesə müdaxiləsi isə yalnız o halda müsbət nəticə
verə bilər ki, onlar tam neytral və ədalətli mövqe nümayiş
etdirsinlər. Əks halda, belə müdaxilələr tərəflər arasında balansı
pozaraq, mövcud gərginliyi daha da artıra bilər.

Avropa Parlamenti regionda davamlı sülhün və sabitliyin təmin
olunmasına töhfə vermək istəyirsə, yanaşmasında daha həssas,
inklüziv və obyektiv olmalıdır. Qəbul edilən sənədlər tərəflərdən
birini təşviq edən deyil, hər iki tərəfi sülhə, əməkdaşlığa və
qarşılıqlı anlayışa çağıran mahiyyət daşımalıdır.

Eyni zamanda qeyd etmək istərdim ki, regionda sülhün təmin
olunması ilk növbədə məhz region ölkələrinin öz iradəsinə və
məsuliyyətinə əsaslanmalıdır. Xarici aktorların rolu isə bu prosesi
dəstəkləməkdən ibarət olmalı, onu istiqamətləndirmək və ya
birtərəfli təsir altına almaqdan yayındırmalıdır.

Bizim əsas məqsədimiz regionda davamlı sülhün təmin olunması,
sabitliyin möhkəmləndirilməsi və gələcək nəsillər üçün təhlükəsiz
mühitin yaradılmasıdır. Bu məqsədə çatmaq üçün isə beynəlxalq
münasibətlərdə ədalət, balans və qarşılıqlı hörmət prinsipləri əsas
götürülməlidir.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir