
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili
kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının
1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 may tarixində
istiqraz sahiblərinin hesablarına köçürülüb.
Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki,
18-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının
investorlarına qazandırdığı gəlir ümumilikdə 20 milyon 250 min ABŞ
dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5
milyon təşkil edəcək.)
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond
Birjasında 109,7 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və
1694 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan
(2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 57
milyon 250 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
İkinci SOCAR İstiqrazlarının növbəti kupon ödənişi tarixi 1
avqust 2026-cı ildir.
10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan
korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5
saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən
və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən
əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya
socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə
bilərsiniz.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi
məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə
qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan
çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

