Bütün tərəfdaşları regionda sülh gündəliyinə dəstək olmağa çağırırıq – Hikmət Hacıyev

Baş səhifə

Xankəndi. Trend:

Bütün tərəfdaşları sülh gündəliyinə dəstək olmağa və regionu
köhnə münaqişə narrativlərinə qaytarmamağa çağırırıq.

Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus
nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində
Qarabağ Universitetində çıxışı zamanı bildirib.

“Azərbaycanın bütün qonşuları ilə, o cümlədən Ermənistan
Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətləri
mövcuddur. Biz anlayırıq ki, sülh çətin bir yoldur. Bu, diplomatik
cəsarət və səylər tələb edir. Azərbaycan hökuməti belə siyasi iradə
göstərib və Ermənistana sülh əlini uzadıb”, – deyə H.Hacıyev
bildirib.

O qeyd edib ki, Vaşinqton sammitindən sonra hər iki tərəf
bəyannamənin ruhuna və mətninə sadiqdir və sülh gündəliyi
istiqamətində irəliləməyə davam edir.

“Biz həmçinin bütün tərəfdaşları sülh gündəliyini dəstəkləməyə
və regionu köhnə münaqişə narrativlərinə qaytarmamağa çağırırıq.
Bu, kömək etmir və sabitliyə töhfə vermir”- deyə H.Hacıyev
vurğulayıb.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş
diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və
Qarabağa səfəri başlayıb.

Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir,
diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın
rayonlarını əhatə edir və iki gün davam edəcək.

Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və
bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi
əhəmiyyətli obyektləri ziyarət edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir