
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsi bank və bank olmayan kredit təşkilatlarının adından
istifadə etməklə törədilən kiberdələduzluq cinayətlərinə qarşı
növbəti əməliyyat keçirib.
DİN-dən Trend-ə verilən məlumata əsasən, əməliyyat nəticəsində
qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 24 yaşlı Cavid
Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə
bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə
oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə
müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları
kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya
və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə
zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.
Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi
olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın
bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə
göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli
şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə
etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul
kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.
Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə
vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul
vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə
ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa
cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq
hərəkətləri davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi
Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar
etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal
polis orqanlarına müraciət etmək tövsiyə olunur.

