
Bakı. Trend:
Fransada inflyasiya mart ayında 1,7 faiz olub, apreldə isə 2,2
faizə yüksəlib. Əsas səbəb enerji qiymətlərinin sürətlə
artmasıdır.
Trend xəbər verir ki, ölkədə
enerji məhsulları illik 14,2 faiz bahalaşıb. Eyni zamanda, daxili
tələbat zəifləyib, əhali istehlakı azalıb və ÜDM birinci rübdə
sabit qalıb. İxrac 3,8 faiz, idxal isə 1,7 faiz azalıb, tikinti və
enerji sektorunda istehsal zəifləyib.
Sənaye istehsalı 0,7 faiz artaraq bərpa yolundadır, lakin
iqtisadçılar iqtisadi artımın bərpasına dair hələ ehtiyatlıdırlar.
Fransa Mərkəzi Bankı birinci rüb üçün 0,3 faiz artım
proqnozlaşdırsa da, Milli Statistika və iqtisadi araşdırma
institutu (Insee) artıq 0,2 faizlik artımı açıqlayıb.
Qeyd edək ki, enerji böhranı, dayanmış iqtisadi artım və
yüksələn inflyasiya Fransada narahatlıq doğurur.

