
Bakı.Trend:
Abşeron rayonunda Bakı–Sumqayıt yolunun 7-ci kilometrliyində
yanğın hadisəsi baş verib.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.
Bildirilib ki, hadisə yerində aparılan ilkin qiymətləndirmə
zamanı yanğının bir dam altında yerləşən, bir-birinə bitişik
müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin
yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun
genişlənməsinə imkan verilməyib və yanğın qısa müddətdə
söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 650 kvadratmetr olan
obyektlərdən 100 kvadratmetrlik mebel sexinin yanar
konstruksiyaları, bitişik 90 kvadratmetrlik digər mebel sexinin
yanar hissələri, 120 kvadratmetrlik avtomobil təmiri sexinin 20
kvadratmetr sahəsi, eləcə də başqa bir mebel sexində avadanlıqların
5 kvadratmetrlik hissəsi yanıb.
Yüksək temperaturun təsirindən yaxınlıqdakı sexdə təmir üçün
saxlanılan “İsuzu” markalı yük avtomobilinin yük hissəsində
yerləşən kondisioner qurğusu deformasiyaya uğrayıb.
Digər bitişik anbarlar və nəqliyyat vasitələri yanğından
mühafizə olunub.

