
Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində
keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri
Sahil Babayev mayın 3-də Bankda Azərbaycanın təmsil olunduğu Seçki
Qrupunun iclasında iştirak edib.
Trend xəbər verir ki, iclasda
AİB-nin strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan
ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın
üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və
gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
İclasda çıxış edən S.Babayev Seçki Qrupu çərçivəsində
formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında
koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin
təşviqinə mühüm töhfə verdiyini bildirib. O, AİB ilə tərəfdaşlığın
qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında
davamlı şəkildə inkişaf etdiyini bildirib.
S.Babayev Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və
logistika potensialına diqqət çəkərək, bu istiqamətdə AİB-nin
dəstəyini xüsusi vurğulayıb, eyni zamanda nəqliyyat sektorunda
rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə
imkan verdiyini qeyd edib.
Azərbaycanın maliyyə naziri AİB-nin dəstəyi ilə həyata keçirilən
dəmiryol infrastrukturunun modernləşdirilməsi, metro sisteminin
genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının
ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə
xidmət etdiyini bildirib.
Qeyd olunub ki, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji
bazarlarında davam edən dəyişkənlik və geoiqtisadi risklər üzv
dövlətlər qarşısında əlavə çağırışlar yaradır və bu şəraitdə
makroiqtisadi sabitliyin qorunması, fiskal intizamın
gücləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı xüsusi
əhəmiyyət kəsb edir.
İllik Toplantının ilk günündə maliyyə naziri Sahil Babayev bir
sıra ikitərəfli görüşlər keçirib. AİB-nin Prezidenti Masato Kanda
ilə keçirilən görüşdə Azərbaycan ilə Bank arasında uzunmüddətli və
konstruktiv tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf
perspektivləri müzakirə olunub, nəqliyyat və logistika, dəmiryolu
xətlərinin modernləşdirilməsi, şəhər nəqliyyatının
təkmilləşdirilməsi və regional bağlantıların gücləndirilməsi üzrə
layihələrdə bankın iştirakının əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri barədə məlumat
verilib, AİB-nin ölkə iqtisadiyyatının şaxələndirilməsi, yaşıl
inkişaf, rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun
inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Nazir bildirib
ki, AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə
Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və
rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin
sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas
prioritetlər kimi müəyyən edilib.
S.Babayev regional əməkdaşlığın genişləndirilməsində CAREC
Proqramının mühüm platforma olduğunu vurğulayıb, eyni zamanda Orta
Dəhlizin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı rolunun
gücləndirilməsi baxımından strateji əhəmiyyətini qeyd edib.
Öz növbəsində AİB prezidenti Masato Kanda Azərbaycanla
əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək,
prioritet sahələr üzrə birgə layihələrin davam etdirilməsi və yeni
təşəbbüslərin dəstəklənməsinə hazır olduqlarını bildirib.
Özbəkistan Respublikasının Baş nazirinin müavini, AİB-nin
Özbəkistan üzrə Rəhbəri Cəmşid Xocayev ilə görüşdə Azərbaycan ilə
Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki,
tərəflər arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında
müqavilə və 2025–2029-cu illər üzrə Yol Xəritəsi iki ölkə arasında
münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm baza rolunu
oynayır.
S.Babayev ötən il Özbəkistanda Azərbaycanın Ticarət
Nümayəndəliyinin açılmasının ikitərəfli iqtisadi əməkdaşlığın
dəstəklənməsi, işgüzar əlaqələrin gücləndirilməsi və yeni
əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm
institusional addım olduğunu bildirib.
Nazir S.Babayevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının
(JBIC) rəhbəri Nobumitsu Hayashi ilə görüşündə isə Yaponiya ilə
Azərbaycan arasında mövcud etibarlı tərəfdaşlıq münasibətləri,
JBIC-nin qlobal inkişaf maliyyələşməsində rolu, Orta Dəhliz üzrə
nəqliyyat və logistika infrastrukturunun inkişafı, enerji
şəbəkələrinin modernləşdirilməsi və sənaye sektorunda innovativ
texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə
edilib.
Görüşdə Azərbaycan ilə JBIC arasında əməkdaşlığın hazırda əsasən
məhdud və layihə yönümlü xarakter daşıdığı, lakin xüsusilə enerji
keçidi, yaşıl iqtisadiyyat və dekarbonizasiya sahələrində geniş
potensialın mövcud olduğu bildirilib.
Tərəflər bu əlaqələrin uzunmüddətli investisiya əməkdaşlığı
çərçivəsinə keçməsinin vacibliyini vurğulayıblar.
Həmçinin, maliyyə sahəsində Azərbaycanın makroiqtisadi
sabitliyi, güclü fiskal intizamı və dövlət maliyyə idarəetməsi üzrə
aparılan institusional islahatlar qeyd olunub. Bildirilib ki, büdcə
proseslərinin şəffaflaşdırılması, dövlət investisiya layihələrinin
səmərəli idarə olunması və rəqəmsal xəzinədarlıq sisteminin
təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq üçün etibarlı mühit
formalaşdırır.
Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin, İnkişaf
Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin nümayəndələri ilə
görüş keçirib, Asiya İnkişaf Fondunun (AİF) Məsləhətləşmə Görüşündə
iştirak ediblər.
Görüş zamanı İnkişafın Maliyyəsi üzrə Əməkdaşlıq Mərkəzinin
nümayəndələri qurumun fəaliyyəti barədə ətraflı məlumat verib,
Azərbaycanla mümkün əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi
aparılıb.
AİF-nin Məsləhətləşmə Görüşündə isə Fondun resurslarının daha
səmərəli səfərbər edilməsi, yoxsulluğun azaldılması, insan
inkişafının təşviqi, inklüzuv iqtisadi artımın dəstəklənməsi, iqlim
dayanıqlığının gücləndirilməsi və fəlakət risklərinin azaldılması
kimi prioritet istiqamətlər müzakirə olunub.

