
Bakı. Trend:
4 gün davam edən möhtəşəm idman bayramı – bədii gimnastika üzrə
Avropa Kuboku yüksək səviyyədə başa çatdı.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizdə artıq
üçüncü dəfə keçirilən bu nüfuzlu yarış yenə də unudulmaz çıxışlar,
həyəcan dolu anlar və rəngarəng proqramlarla yadda qaldı. 32
ölkədən olan zərif gimnastlar tamaşaçılara əsl sənət nümunəsi
təqdim etdilər. Musiqili kompozisiyalar, xüsusi hazırlanmış rəqs
elementləri və sürpriz fləşmoblar hər yaşdan izləyicinin zövqünü
oxşadı.
Azərbaycan bu mötəbər turnirdə həm fərdi, həm də qrup
hərəkətləri komandası ilə təmsil olundu. Xüsusilə qeyd edək ki,
qrup hərəkətləri üzrə yığmamız yeni heyətlə ilk dəfə bu yarışda
çıxış edirdi. Bu, yeni komanda üçün ilk və böyük təcrübə idi.
Gənclər kateqoriyasında komandalar arasında təşkil olunan çarpaz
qarşılaşmalar yarışın əsas yeniliklərindən biri oldu. Gənclər yaş
kateqoriyasında komandalar hesabında çarpaz qarşılaşmada Azərbaycan
və AIN 2 komandaları yarışdı. AIN 2 komandası növbəti mərhələyə
keçid aldı. Nəticədə, AIN 2 birinci, Bolqarıstan ikinci, İsrail isə
üçüncü yeri tutdu.
Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar
top və halqa ilə, üçüncü gün isə gürz və lent proqramlarında çıxış
etdilər. Təsnifat mərhələsinin nəticələrinə əsasən ən güclü 16
gimnast “çarpaz qarşılaşmalar” mərhələsinə vəsiqə qazandı və 1/8
finaldan başlayaraq finala qədər mübarizə apardı.
Gərgin keçən final mərhələsinin yekununda İsrail təmsilçisi
Munits Daniela qalib oldu. Ukraynalı Onofruiiçuk Taisiya ikinci,
italiyalı Raffaeli Sofia isə üçüncü pillədə qərarlaşdı. Qaliblərə
medalları AGF-nin vitse-prezidenti Altay Həsənov təqdim etdi.
Qrup hərəkətləri üzrə yarışda isə Bolqarıstan komandası qızıl
medala layiq görüldü. İsrail ikinci, AIN 2 komandası isə üçüncü
yeri tutdu. Mükafatlandırma mərasimində medalları Avropa
Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbov
təqdim etdi.
Yarışın sonunda təşkilatçılar tərəfindən iki xüsusi nominasiya
da təqdim olundu. Ardıcıl olaraq Avropa kuboku yarışlarında iştirak
etdiyinə və sabit nəticələr göstərdiyinə görə Raffaeli Sofiya
“Cross Battle Queen”, Avropa kubokuna digər qitədən qoşularaq qrup
hərəkətləri proqramında çıxış etdiklərinə görə Venesuela komandası
“Breakthrough Team” nominasiyasına layiq görüldü.
Beləliklə, 4 gün davam edən bu zərif və möhtəşəm mübarizəyə
yekun vuruldu. Milli Gimnastika Arenası yarış boyunca tamaşaçıların
enerjisi və coşqusuna şahidlik etdi. Tamaşaçılarla keçirilən
maraqlı müsabiqələr və əyləncəli anlar isə tədbiri daha da
yaddaqalan etdi. Qaliblərə AGF-nin sponsoru Smarton tərəfindən
dəyərli hədiyyələr təqdim olundu.

