
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) ölkə
iqtisadiyyatına yüksək neft qiymətlərinin mənfi təsirlərini
yumşaltmağa imkan verən əsas mexanizm olaraq qalmaqdadır.
Azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov Trend-ə bildirib ki, dövlət
büdcəsinə məhdud transfertlər siyasəti saxlanılarsa və onların
2030-cu ilə qədər mərhələli şəkildə azaldılması davam etdirilərsə,
neft gəlirlərinin bir hissəsi sterilizə edilərək xaricdə idarə
oluna bilər ki, bu da ölkə iqtisadiyyatına təzyiqi azaldar.
“Hazırda neft qiymətlərinin artımı daha çox qlobal enerji keçidi
ilə deyil, dünyada baş verən proseslərlə əlaqədar geosiyasi
amillərlə şərtlənir. Buna görə də əsas məsələ bu amilin
qısamüddətli, ortamüddətli, yoxsa uzunmüddətli xarakter
daşımasıdır, belə ki, onun iqtisadiyyata təsiri məhz bundan
asılıdır, ələlxüsus da neftdən asılılığın hələ də yüksək olduğu
Azərbaycan kimi ölkələrdə. Hazırda demək olar ki, ən azı bu il üçün
trendin dəyişməsi mümkündür. Neftin qiymətinin 100 dollardan yuxarı
səviyyədə ən azı bir neçə ay qalacağı gözlənilir, hərçənd, bu
müddət daha uzun da ola bilər, o cümlədən Hörmüz boğazı ətrafında
gərginlik səbəbindən”,- deyə İ. Əhmədov qeyd edib.
Onun sözlərinə görə, son illərdə makroiqtisadi göstəricilərdə
neft sektorunun payının azalması və həm ÜDM-də, həm də ixracda
qeyri-neft sektorunun artımı müşahidə olunurdu.
“Büdcə gəlirlərində bu, Dövlət Neft Fondundan sabit transfertlər
səbəbindən o qədər də nəzərə çarpmırdı, lakin ümumi dinamika aydın
idi. İndi isə bu trendin dəyişməsi ehtimalı yüksəkdir”,- deyə o
bildirib.
İ. Əhmədov vurğulayıb ki, qısamüddətli perspektivdə təsir müsbət
olacaq, ÜDM-in artımı gözlənilir, çünki iqtisadi dinamika böyük
ölçüdə neft sektoru ilə bağlıdır.
“Hətta qeyri-neft iqtisadiyyatının artımı da sektorlararası
əlaqələri nəzərə aldıqda böyük dərəcədə neft gəlirlərini əks
etdirir. Bundan əlavə, yüksək neft qiymətləri fonunda büdcə
xərclərinin artırılması, o cümlədən il ərzində büdcə parametrlərinə
yenidən baxılması mümkündür ki, bu da iqtisadi artımı əlavə
stimullaşdıracaq.
Lakin ortamüddətli və uzunmüddətli perspektivdə nəticələr mənfi
ola bilər. Neft amili zəiflədikdə dövlət, adətən, qeyri-neft
sektorunun inkişafını sürətləndirməyə və biznes mühitini
yaxşılaşdırmağa məcbur olur. Yüksək neft gəlirləri isə əksinə,
şaxələndirmə üçün stimulları azaldır. Nəticədə neft yenidən
dominant mövqeyə keçir, qeyri-neft sektorunun inkişafı isə
zəifləyir. Belə vəziyyət 2015-ci il devalvasiyalarından sonra artıq
müşahidə olunmuşdu: 2016–2017-ci illərdə şaxələndirmə istiqamətində
fəal addımlar atılsa da, neft gəlirlərinin bərpası ilə prioritetlər
yenidən dəyişdi. Bu ssenarinin təkrarlanması riski var:
qısamüddətli dövrdə makroiqtisadi göstəricilər yaxşılaşacaq, lakin
uzunmüddətli perspektivdə bu, iqtisadiyyatın neftdən asılılığını
gücləndirə və dayanıqlı inkişafı ləngidə bilər”,- deyə
iqtisadçı-ekspert bildirib.
O əlavə edib ki, təcrübə göstərir ki, yüksək neft qiymətləri
demək olar ki, heç vaxt hökumətləri iqtisadiyyatı şaxələndirməyə
təşviq etmir:
“Əksinə, əksər hallarda, xüsusilə neft ölkələrində, bu
istiqamətdə fəal addımlar qiymətlər azaldıqda və neft gəlirləri
artıq iqtisadiyyatı əvvəlki səviyyədə dəstəkləyə bilmədikdə atılır.
Məhz belə dövrlərdə fiskal və monetar şərtlər daxil olmaqla
makroiqtisadi vəziyyət islahatları stimullaşdırmağa başlayır”.
“Bununla yanaşı, Azərbaycanın müəyyən bir xüsusiyyəti var – Neft
Fondunun mövcudluğu. Neft gəlirlərinin əsas hissəsi birbaşa dövlət
büdcəsinə deyil, məhz orada toplanır və sonradan transfertlər
həyata keçirilir. Əgər hökumət mövcud siyasəti qoruyarsa,
transfertlərin həcmini planlaşdırılandan artıq artırmazsa və
onların 2030-cu ilə qədər mərhələli azaldılması kursunu davam
etdirərsə, bu, müsbət rol oynaya bilər. Bu halda neft gəlirlərinin
bir hissəsi sterilizə ediləcək və xaricdə idarə olunacaq ki, bu da
daxili iqtisadiyyata təzyiqi azaldacaq. Lakin neft gəlirlərinin
artımının dövlət xərclərinin planlaşdırılandan artıq yüksəlməsinə
gətirib çıxarması riski də mövcuddur”,- deyə İ. Əhmədov
vurğulayıb.
O qeyd edib ki, ümumilikdə beynəlmilləl qayda belədir: əgər
yüksək neft gəlirləri qısamüddətli səciyyə daşıyırsa, onları
birbaşa iqtisadiyyata yönəltməkdənsə, yığım üçün istifadə etmək və
ya xaricdə idarə etmək daha məqsədəuyğundur. Əgər yüksək
qiymətlərin ən azı ortamüddətli dövrdə qalacağına əminlik varsa,
hökumətlər adətən büdcə xərclərini artırır, əməkhaqları yüksəlir,
sosial proqramlar genişlənir və iqtisadi fəallıq güclənir.
“Hazırkı qiymət artımı əsasən geosiyasi amillərlə bağlıdır və
buna görə də onun davametmə müddətini proqnozlaşdırmaq son dərəcə
çətindir. Belə şəraitdə ən rasional yanaşma yüksək qiymətlərin
müvəqqəti xarakter daşıdığı ehtimalına əsaslanan mühafizəkar
siyasətin aparılması, iqtisadiyyatın neftdən asılılığının
artırılmaması və şaxələndirmə kursunun qorunub saxlanılmasıdır”,-
deyə iqtisadçı-ekspert yekunlaşdırıb.

