
Bakı. Trend:
Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada,
habelə qeyri-rezidentlərin milli və xarici valyutada
əməliyyatlarının aparılma qaydalarında dəyişiklik edilib.
Trend-in əldə
etdiyi məlumata görə, dəyişikliklə bir sıra malların Azərbaycana
idxalı zamanı avans ödənişi ilə bağlı yeni mexanizm tətbiq
olunacaq.
Mövcud qaydaya görə, Azərbaycan Respublikasına idxal olunan
mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün
nəzərdə tutulduqda və bu idxal olunan malların və xidmətlərin
ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən
köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə
əməliyyatların icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı
(qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə
əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı
digər sənəd tələb olunmadan icra edilir. Bu halda xüsusi tapşırığı
təsdiq edən sənədin surəti bankda saxlanılır.
Yeni qərara əsasən isə, avans ödənişi müdafiə təyinatlı
malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş
sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq,
dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat,
xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu
cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin
göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi
Nazirliyinin məktubu banka təqdim edilə biləcək. Bu halda məktubun
surəti bankda saxlanılacaq.
Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il
müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri,
habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat
müddəti 2 ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat
müddəti bitdikdən sonra ən geci 3 ay müddətində) banka təqdim
edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda,
yuxarıda nəzərdə tutulan məktub təqdim edilmədikdə və bu zaman
idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri
qaytarılmayan məbləğin qalıq dəyəri 10 min ABŞ dolları ekvivalenti
məbləğindən çox olduqda bank tərəfindən qabaqcadan ödəniş
əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Mərkəzi Banka
təqdim ediləcək.
Qeyd edək ki, burada bank dedikdə Azərbaycana fəaliyyət göstərən
banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin
milli operatoru nəzərdə tutulur.

