
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC
ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ
Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq
üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən müasir beynəlxalq
standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası həyata
keçiriləcək.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev qeyd edib:
“AZCON Holding olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığın
genişləndirilməsini prioritet istiqamətlərimizdən biri hesab
edirik. Bu layihə həm texnoloji imkanlarımızın nümayişi, həm də
ölkəmizin gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm
əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr
üçün də möhkəm zəmin yaradacaq”.
“Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov
bildirib: “Dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit
potensialının açılması istiqamətində aparılan sistemli işin məntiqi
davamıdır. “Qazaxıstan Temir Yolu” SC-nin şəxsi donanmasının
formalaşdırılması Transxəzər marşrutunun dayanıqlığını gücləndirir
və yükdaşıma bazasının artırılması və beynəlxalq tərəfdaşların cəlb
edilməsi üçün əlavə imkanlar yaradır”.
Bu əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə
xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması
fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını
sürətləndirməklə yanaşı, Zavodun istehsal gücünün artırılmasına və
rəqabət qabiliyyətinin möhkəmlənməsinə də xidmət edəcək.
Beləliklə, beynəlxalq sifarişlər üzrə tikilən gəmilərin sayı
artıq 4-ə çataraq Zavodun beynəlxalq bazarda artan nüfuzunun və
etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisinə çevrilib.

