
Bakı. Trend:
2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın
temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı
olub.
Trend xəbər
verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim
Mahmudov bildirib..
Xidmət rəisi qeyd edib ki, yarımadada maksimal temperatur
aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də
29°C isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan
aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C
isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Onun sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron
yarımadasında aprelin 9-da 6°C isti (Binə), yüksək dağlıq
ərazilərdə isə aprelin 16-da 12°C şaxta (Şahdağ) olub.
“Aprel ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə
yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi
ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub.
Ümumilikdə bölgələr üzrə 27 gün yağıntılı hava şəraiti müşahidə
edilib. Ən çox yağıntı aylıq normanın 479 faizi olmaqla Bakı və
Abşeron yarımadasına (Bakı – 111 mm), aylıq normanın 185 faizi
olmaqla Balakən–Şəki zonasına (Oğuz – 181 mm), eləcə də aylıq
normanın 351 faizi olmaqla Quba–Qusar zonasına (Xaçmaz – 106 mm)
düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü
Şahdağda 107 sm qeydə alınıb”.
N.Mahmudov qeyd edib ki, aprel ayı ərzində ayrı-ayrı günlərdə
dolu hadisələri də müşahidə olunub:
“Aprelin 4-də Yardımlıda, aprelin 7-də Gədəbəydə, aprelin 14-də
isə Bakı və Abşeron yarımadasının lokal ərazilərində qısamüddətli
fasilələrlə dolu düşüb. 2026-cı ilin aprel ayı ərzində küləkli hava
şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 sarı və narıncı
xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 19 gün,
bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin
maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də
bölgələrdə 28 m/s-dək güclənib”.

