Bakı. Trend:
Avropa Siyasi Birliyi Zirvə toplantısı fonunda səslənən mesajlar
bir daha göstərdi ki, Avropa institutlarının hamısı regiondakı
proseslərə eyni prizmadan baxmır. Prezident İlham Əliyevin
çıxışında vurğulanan məqamlar isə bu fərqli yanaşmaların
mahiyyətini açıq şəkildə ortaya qoydu və bəzi dairələrin siyasi
qərəzini ifşa etdi.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Vüqar İskəndərov deyib.
Millət vəkili xatırladıb ki, Azərbaycan uzun illərdir, Avropa
Şurası ilə əməkdaşlıq edir və bu platformada daim konstruktiv xətt
nümayiş etdirib:
“Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
son davranışları obyektivlikdən uzaqdır. Xüsusilə, ölkəmizin öz
ərazisində suverenliyini bərpa etməsindən sonra nümayəndə heyətinə
qarşı tətbiq edilən məhdudiyyətlər siyasi motivli qərar təsiri
bağışlayır. Bu yanaşma beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır
və təşkilat daxilində ikili standartların dərin kök saldığını
göstərir”.

Deputat bildirib ki, Avropa Parlamentinin fəaliyyəti də
tənqiddən kənarda qala bilməz:
“Bu qurumun son illərdə qəbul etdiyi sənədlər konstruktiv
dialoqa xidmət etmək əvəzinə, açıq şəkildə təzyiq alətinə çevrilib.
Qısa zaman kəsiyində Azərbaycanla bağlı çoxsaylı qətnamələrin qəbul
olunması artıq təsadüfi deyil, məqsədli siyasətin nəticəsi kimi
görünür. Üstəlik, belə addımların mühüm beynəlxalq tədbirlər
ərəfəsində atılması onların məqsədinin siyasi təsir yaratmaq
olduğunu açıq göstərir”.
Onun sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, Azərbaycan
beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib:
“BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və illərlə
kağız üzərində qalan qətnamələrin icrası məhz Bakı tərəfindən
həyata keçirildi. Bu, regionda yeni status-kvo yaratmaqla yanaşı,
hüququn aliliyinin təmin olunması idi. Belə bir addıma qarşı
qərəzli münasibət göstərilməsi yalnız ədalətsizlik deyil, həm də
beynəlxalq sistemə inamı sarsıdan faktordur.
Azərbaycanın verdiyi cavab addımları da bu kontekstdə
qiymətləndirilməlidir. Parlament səviyyəsində qəbul edilən qərarlar
göstərir ki, Bakı birtərəfli ittihamları və əsassız təzyiqləri
qəbul etmək niyyətində deyil. Əməkdaşlıq yalnız qarşılıqlı hörmət
və bərabərlik prinsipləri üzərində qurula bilər”.
Milli Məclisin deputatı Səbinə Salmanova isə
Trend-ə
açıqlamasında deyib ki, Prezident İlham Əliyev Avropa Parlamentini
Azərbaycana qarşı qərəzli mövqeyinə görə açıq tənqid edib:
“İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin mayından
2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla
bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Bu
qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli,
birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır. Bunun səbəbi
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi,
separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə
cəlb etməsidir. Azərbaycan tərəfi isə hər zaman bu cür qərəzli
yanaşmalara qarşı prinsipial mövqe sərgiləyib”.

Deputat bildirib ki, Milli Məclisin mayın 1-də qəbul etdiyi
qərar bunun bariz nümunəsidir:
“Qərara əsasən, Avropa Parlamenti ilə bütün sahələr üzrə
əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq
Komitəsində iştirakın dayandırılması və “Avronest” Parlament
Assambleyasındakı üzvlüyə xitam verilməsi prosedurlarına
başlanılıb. Bu addım Azərbaycanın suveren hüquqlarını qorumaq və
milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır. Bütün
bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial
xarici siyasət yürüdür. Ölkəmiz heç bir təzyiq qarşısında geri
çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyevin bu
gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə
beynəlxalq münasibətlər sistemi üçün nümunədir.
“Sülhə çağırış, əməkdaşlığa açıq olmaq, eyni zamanda milli
maraqları qətiyyətlə müdafiə etmək müasir dövlət idarəçiliyinin ən
optimal modelidir. Azərbaycan bu modeli uğurla tətbiq edərək həm
regionda sabitliyə töhfə verir, həm də qlobal səviyyədə etibarlı
tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”, – deyə o fikrini
yekunlaşdırıb.

